Noy
19
Ürəyə gələni dil deyə bilmir,
Hıçqırır sözlərim ağız içində.
Qəlbin xatirinə söz dəyə bilmir,
Misralar ağlayır kağız içində.
Vicdanı qəfəsə salan adamlar,
Məddaha, yaltağa boyun əyirlər.
Yanır cızhacızla könüldə kamlar,
Vaxt dəyirmanında ömür üyürlər.
Zamanın köhləni çapdıqca çapır,
Zalımlar işləri tərsə çevirir.
Bir qarın çörəyə kim yoldan sapır,
Kimi də fələyin taxtın devirir.
Başı boş nadanlar mənlik bilməyir,
Mənlik də ayaqlar altında inlər.
Bir çoxu matəmdə, şənlik bilməyir,
Çatılıb bəxtlərə min bir düyünlər.
Özünü Allahdan yuxarı sayan,
Allahın damına çıxıb düşməyir.
Zalımdan məzluma olmayıb həyan,
Vicdan Yaradanla heç görüşməyir.
İpini yığan yox harınların heç,
Dəbdəbə içində zirvə tutarlar.
Toxundan partlayan qarınların heç,
Çarəsi bulunmaz röya qatarlar.
Bir tikə çörəyə həsrət olanlar,
Səfil həyatıyla baş-başa qalıb.
Dünyanı fırlanır, gəzir yalanlar,
Dünya bu işlərə tamaşa qalıb.
Boğazı quruyub haqqın şivəndən,
Quruyan boğaza su tapılmayır.
İlahi mat qalıb boylanır gendən,
Ömrünə hönkürən yerində sayır.
Vicdanlar lal olub, dil topuq çalır.
Ürəyi partlayan məzara köçür.
Zalımlar hallanır, məddah əl çalır,
Utanan üzlərdə tər puçur-puçur.
Hamı gəldi-gedər deyir dünyanı,
Dünya öz yerində, ağrı çəkən biz.
İtirib bir çoxu çoxdan həyanı.
Dərdini şumlayıb bostan əkən biz.
Zindanlar dustağa yox deyir daha,
Yoxsula rahat yer həbisxanadır.
Şər nərdivan qoyub çıxır Allaha,
Həyasın itirən yekəxanadır.
Kimi öz ömrünü aclıqla sürür,
Kimi də sərvətlə bilmir neyləsin?
Tərəzi əyilir, Yaradan görür,
Azğınlar haqq yola gəlmir, neyləsin?
Ürəyin çəkdiyin dil deyə bilmir,
Dilin də ağrısı candan keçirmiş.
Çəkdiyi zülümü bəs niyə bilmir?
Bilirsə, qanını özü içirmiş.
Şadiman dərdlərə olub mübtəla,
Məzlumun acısın gəzdirə bilmir.
Göydəmi? Yerdəmi? Bilməm, Haqq-tala,
Bu acı dərdləri çözməyə gəlmir!
Şirinxanım Kərimbəyli Şadiman