Вы просматриваете: Главная > Şeirlər > RUHUMU SILKƏLƏYƏN PAYIZ

RUHUMU SILKƏLƏYƏN PAYIZ

 

Ruhumu silkələyən,

varlığımı ələkləyən

könlümə qəm ələyən payız,

Canıma niskilini bələyən payız.

Buludların axıtdığı göz yaşları,

Ruhumun ağrısını yuyur,

Qəlbimdə uşaq kimi hönkürən

Dəli duyğularım uyur…

Xatirələr məni göyərçin

qanadlarında uçurur,

Canımı bədənimdən alıb qaçırır.

Qanadlı küləklərin bağ-bağçada pərvaz edir,

Budaqlardan qopub düşən yarpaqlar

qəlbimi ayaz edir,

İçimə qərib niskil doldurur,

Ömür qapısını döyən günlərimi soldurur.

Qızılı tellərin günəştək şəfəq saçır payız,

Mənim ruhum da sənə sarı qaçır payız…

Gurşadlarına bürü məni,

Arxanca sürü məni…

Payız,

Silkələ könlümü,

Qəlbimə ilıq nəfəsinlə sız…

Dəli sevgimə bürüyüm səni,

Özünə vurğun edirsən məni…

Həqiqətin üzü payız,

Təbiətin özü payız.

Uzun gecələrin laylası xəzrinə bələnib,

Içimə həzin qüssə ələnib…

Gəl uyu könlümdə,

Dərd dərin quyu könlümdə.

Görüşdürək təblə dolu ağlımızı,

Köçürək misralara nağlımızı…

 

02.11.2017

Şirinxanım Kərimbəyli Şadiman

 

 

Şərh üçün bağlıdır.