Bu uşağın gözlərində qəm qala,
Uşaqlığı itib batıb ağrıda.
Deyirlər ki, qədər salır bu hala,
Qədərdə də mürvət, insaf bol ola.
Bu gözlərin ağrısına baxıram,
Hər baxanda ürəyimi yaxıram,
Üsyan edib insanlıqdan çıxıram,
Doğulanda insan əhli saf ola.
Daim boynu bükük gəzir bu uşaq,
Duyanların könlün üzür bu uşaq,
Sərt həyata necə dözür bu uşaq?
Ata-ana salıb onu pis hala.
Bacarmırdız niyə onu yaratdız?
Yaradıban sonra dünyaya atdız,
Cahandaki aca, yoxsula qatdız,
Haçan gələr başda ağıl haqq yola?
Ac mədəsi həsrət qalıb çörəyə,
Kasıblığı çoxdan salıb ürəyə,
Ehtiyacı var onun da görəyə,
Deyirlər ki, çox şirindir bəs bala?
Yaşıdıtək xoşbəxtliyə həsrətdi,
Doğulandan ona həyat zillətdi,
Çoxlarına uşaq evdə alətdi!
Körpə könlün belə evdə kim ala?
Axı onu siz həyata gətirdiz,
Sevgi bitdi, tez vicdanı itirdiz,
Bu dünyaya bədbəxt uşaq yetirdiz,
Bacarmırdız niyə qoyduz doğula?!
Boşanmağı əldə bayraq edirsiz,
Körpə varkən boşanmağa gedirsiz,
İnsanlıqdan daşınmağa gedirsiz,
Evliliklər dönübdü pis nağıla.
Bu uşağa mərhəmətli olun siz,
Ata-ana kürsüsündə qalın siz,
Uşağnıza yaxşı nəzər salın siz,
İnsaf sözün yazıb qoyun ağıla.
Bu uşağın gözlərinin kədəri,
Döyür gündə min bir dəfə qədəri,
Ay adamlar, bilin ölçü, qədəri,
Bilmirsizsə, onda dünya dağıla.
12.07.2015