Вы просматриваете: Главная > Şeirlər > ŞİRVANŞAHLAR SARAYI

ŞİRVANŞAHLAR SARAYI

Şirvanşahlar Sarayı,

Keçmişinin bal ayı,

Bügününün sükutu,

Bir tarixdir hər qatı,

Ruhların məzar evi,

Zamanın yazar evi.

Sirr dolu divanxana,

Səsi düşüb hər yana.

Şah babamın məscidi

Azanına tac idi.

Şövqlü saray hamamı,

İçində şahın kamı.

Cəlb eləyən ovdanı,

Su udardı qadanı.

Bakuvinin türbəsi,

Xaliqinə gur səsi.

Keyqubadın məscidi,

Allahına yol dedi…

İşğallardan sağ çıxan,

Haqqa üzüağ çıxan,

Tariximin güşəsi,

Dərinlərə işləyib

əsrlərdi rişəsi.

Dünəninin nağlı,

Ram eləyir ağılı.

Gəldim ziyarətinə,

Düşdüm haqq zinətinə.

Ruhların pıçıltısı

qulağımdan getməyir.

Zamanın zehinində

Nə olubsa ötməyir.

Yaddaşından köçürtdü

Yaddaşıma harayı,

Şirvanşahlar Sarayı,

Şirvanşahlar Sarayı.

27.03.2017

Şirin xanım Kərimbəyli Şadiman

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.