Ruhumun içindən boylanır yenə,
Şövqlə ürəyimi basır köksünə,
Eşqini sel təki qucaqlar sinə,
Oduyla könlümü yaxır çərşənbə,
Novruzun gözəli İlaxır çərşənbə!
Ey güldən, çiçəkdən müjdəli xatın,
Bahar sevdasına bağlı həyatın,
Möcüzə boğçası sən kainatın,
Qapı-pəncərədən baxır çərşənbə,
Novruzun gözəli İlaxır çərşənbə!
Torpağın dirilik sorağı səndə,
Yerlərin, göylərin marağı səndə,
Günəşin gur tonqal çırağı səndə,
Qəlbimdə şimşəktək çaxır çərşənbə,
Novruzun gözəli İlaxır çərşənbə!
Şaxta dizin bükər düşər üz üstə,
Tonqallar qalanar, yanar köz üstə,
Şamları düzülər xonçalar üstə,
Torpağı dirildib çıxır çərşənbə,
Novruzun gözəli İlaxır çərşənbə!
Bütün kin-küdurət əriyib gedir,
Yellər qış-sazağı sürüyüb gedir,
Quşların sədası yaza eşq edir,
Dərdi künc-bucağa sıxır çərşənbə,
Novruzun gözəli İlaxır çərşənbə!
Dur gəl Şadimanın ruhuyla oyna,
Dolaş qəlb evində eşqiylə qayna,
Torpağın bağrından boylanan ayna,
Misrama şamların taxır çərşənbə,
Novruzun gözəli İlaxır çərşənbə!
14.03.2017
Şirin Xanım Kərimbəyli Şadiman