Вы просматриваете: Главная > Şeirlər > ÇÖKMƏ GEDİR ÖLKƏDƏ

ÇÖKMƏ GEDİR ÖLKƏDƏ

Yavaş-yavaş çökmə gedir ölkədə,

Qayıdarıq xoş günlərə bəlkə də.

Ağlımızı cəm eyləsək bir yerə,

Qovuşarıq çox qayğısız illərə.

Rüşvətxorun varlığına tüpürək,

Zibil təki bu ölkədən süpürək.

Təmizliyi şüar edək hər kəsə,

Nəfsimizi tutub salaq qəfəsə.

Hamı görsün xoş gününü zəhmətdə,

Həyat eşqi cilvələnsin millətdə.

Bahalaşan ağıl olsun, ərzaq yox,

Belə olsa mədəmiz də olar tox.

Öndə gedən millətlərdi nümunə,

İradəylə onlar çatıb xoş günə.

Qoy qanunlar insanlara işləsin,

Vətən əhli halal tikə dişləsin.

Haramxorun qapısını bağlayaq,

Daha bəsdi, günümüzə ağlayaq.

Rüşvətxoru yetişdirən özümüz,

Qudurduruq sonra yetmir sözümüz.

Qınamayın məni Vətən insanı,

Vətən deyil oğru, quldur ehsanı.

Yavaş-yavaş çökmə gedir ölkədə,

Qayıdarıq xoş günlərə bəlkə də…

07.02.2017

Şirin Xanım Kərimbəyli Şadiman

 

 

 

 

 

 

 

Şərh üçün bağlıdır.