Вы просматриваете: Главная > Şeirlər > QƏLƏMİM HÖNKÜRÜR

QƏLƏMİM HÖNKÜRÜR

Bir gözüm ağrıdı, bir gözüm yaşdı,
Ürəyin içindən asılan daşdı,
Sənin əzabına köklənən başdı,
Başım yastıq olsun özünə, Vətən,
Qələmim hönkürür sözünə, Vətən.
 
Cihad istəyirsən cihada gəlim,
Asılı qalıbdı göylərdən əlim,
De, necə oxşasın səni bu dilim?!
Dərdini deyimmi üzünə, Vətən?
Qələmim hönkürür sözünə, Vətən.
 
Sənə layla deyən misram susmayır,
Göylər fəryadımı tutub asmayır,
Bizə İlahi də qulaq asmayır,
Vururuq min ildi dizinə, Vətən,
Qələmim hönkürür sözünə, Vətən.
 
Qurdunu öldürən ərin oyanıb,
Düşmənlə savaşa qalxıb dayanıb,
İçimiz acıya, dərdə boyanıb,
Al at ocağına, közünə, Vətən,
Qələmim hönkürür sözünə, Vətən.
 
Şəhidin göylərə çəkilib gedir,
Cismi məzarlara əkilib gedir,
Qanı torpağına tökülüb gedir,
İgidlər can qoyur izinə, Vətən,
Qələmim hönkürür sözünə, Vətən.
 
İçdə yağıların susub durubdu,
Çöldə əl-qol açıb meydan qurubdu,
Millət yuxusundan qalxıb durubdu,
Baxma xainlərin sözünə, Vətən,
Qələmim hönkürür sözünə, Vətən.
 
Ürəyim ahına süslənib qalıb,
“Cəngi”nin harayı qulağı alıb,
Şadiman mehrini tək sənə salıb,
Çəkib dərdlərini üzünə Vətən,
Qələmim hönkürür sözünə, Vətən.
28.04.2016
Şirin Xanım Kərimbəyli Şadiman
 

Şərh üçün bağlıdır.