Dünəndən qanım qaralıb. Elə zənn etməyin ki, bu şəxsi məsələrimlə bağlıdır. İnsan öz şəxsi məsələrini bir təhər yoluna qoya bilər, amma söhbət bir ölkənin, orda yaşayan insanların taleyindən gedəndə, bir yazar olaraq susmağı özünə ar sayırsan. Manat devalivasiyaya (qiymətdən düşməyə) uğrayanda, mən manata birinci və ikinci məktub yazdım. Bu məktub dolasıyla ölkənin taleyini həll edənlərə ünvanlanmışdı. Hələ manat bahalı olan zamanlarda kiçik bir ölkənin pul vahidinin hegemon dövlətlərin pul vahidindən üstün olması inandırıcı çıxmırdı, yəni adamın inanmağı gəlmirdi, neft gəlirlərinin hesabına manatı bu şəkildə saxlamaq özü səhv addım idi. Sonradan bu səhv addım, neft ucuzlaşandan sonra biyabırcasına dırnaqarası bəhrəsini verdi. Yəni neftdən gələn gəlirlər azaldıqca, donmuş manatın buzu açıldı və yavaş-yavaş əriməyə başladı.
Dünən neft gəlirlərini sağa-sola israf edənlər ölkənin sabahkı halından fikirləşmədilər. Onsuz da işsizlik, yoxsulluq içində əzilən xalq banklardan asılı vəziyyətdə qalıb. Borc içində batanlar ən sonda çıxış yolunu intiharda görürlər. Hələ mən işsizlikdən, ümidsizlikdən həyatını doğru-düzgün qura bilməyən gəncləri demirəm. Bu gün özlərini Avropa ölkələri ilə müqasiyə edən imkanlı adamlar bilməlidirlər ki, Avropada yaşam səviyyəsi bizim ölkədəki ilə eyni deyil, onlarada qaz-işıq-su və digər kommunal xərclər yüksəkdirsə, maaş da yüksəkdir. Onlar varlı dövlətlərdi, halallıqla, düzgünlüklə öz həyatlarını qurmuş ölkələrdi. Bizim böyük dövlətlərin bir şəhərində yaşayan qədər əhalimiz var, o əhalinin də yarısı pərən-pərən olub, diyarbadiyar düşüb xarici ölkərə. Bir qarın çörəkçin öz yurdundan-yuvasından perikdilər. Əcabə, ey Milli Məclis əhli, sizi axı xalq seçib o mötəbər kürsülərə, bəs bu nə oyundu xalqın başına açırsız?!
Bəs bu millət bahalaşmadan sonra necə yaşayacaq? Hansı pullarla ödəyəcək kommunal xərcləri? Ölkənin taleyi ilə oynayanlar bilməlidirlər ki, sabahkı vəziyyət şər qüvvələrin hərəkətə keçməsinə səbəb ola bilər. Böyük qanlar hesabına qazandığımız başıbəlalı müstəqilliyimizi təhlükə altına atmayın. Siz xalqa israfçılağa yol verməməyi tövsiyyə edirsiz, görəsən ən çox israfçılığa kim yol verib, sizlər, yoxsa xalq?!
Onsuzda yoxsulluğun ən aşağı həddində olan insanları çörəklə imtahana çəkməyin, bilirsiz ki, yanacaq bahalaşanda hökmən çörək də bahalaşacaq. Ac qarınları quru çörəklə doyduran insanların çörəyini əlindən almayın. Neft gəlirlərini dağıdanlar, hanı sizin iş yerləriniz?! Xalqın sərvəti ilə bu cür rəftar etmək olmazdı, sizlər etdiz.
Deyirsiz işığın, qazın bahalaşması aşağı təbəqəyə aid deyil, sizin bu nağlınıza indiki zamanda körpə uşaqlar da inanmaz, çünki informasiya əsrdir, insanlar məlumatlıdırlar. Camaatı avam yerinə qoymayın. Nə etdiyinizin fəqində olun, bu müstəqilliyi təkcə yuxarda oturan sizlər yox, keçən əsrin 90-cı illərində bütün xalq qazandı, xalqın qələbəsindən gen-bol istifadə edib varlandız, daha doğrusu bunu bacardız, ancaq bir xalqdan da düşünün. Milləti rəzil, dilənçi günə salmayın, ölkədə xaos, fələkət başlasa bu sizlərdən də yan keçməyəcək. Amanın bir günüdü, insanlarımızın arasında oğurların, yol kəsənlərin, özünə qəsd edənlərin, çirkin həyata qurşananların sayını artırmayın. Bizim işğalda olan torpaqlarımız boyda həll olunmamış, həll olunması düyünə düşmüş dərdimiz var. Sizin dırnaqarası baxdığınız, min bir zülmlə böyüdülən kasıb zümrənin balalarıdı cəbhədə ön xəttdə sinələrini sipər edənlər. O oğulların valideyinləri ilə insafsızcasına rəftar etməyin! Insanların maaşlarını artırın, gənclərə iş yerləri açın, bahalaşmadan çıxış yolu arayın, millət olmasa, nə dövlət olar, nə ölkə!
Dövlətçiliyimizin, müstəqilliyimizin sabahı naminə ölkəmizi fələkətə aparmayın. Siz özünüz də yaxşı bilirsiz ki, manat donan vaxtlarda insanlar banklardan öz həyat şəraitlərini qurmaq üçün kreditlə pullar götürüblər, indi o pullar iki qat, üç qat şişirdilib, banklar camaatın boğazından yapışıb, adamlar borc məngənəsində boğulurlar, maddiyyat ucbatından doğmalar bir-biriylə düşmən olurlar. Gündən-günə insanların həyat şəraiti pisləşməyə doğru gedir, hətta cavanlar arasında sağalmaz xəstəliklərə tutulanların sayı artıb. Ey özlərini tutanlar, varlananlar, bahalı villalarınızdan, bahalı maşınlarınızdan başınızı çölə çıxarıb camaatın halına baxın, ey kasıb xalqın varlanmış insanları, yığdıqlarınızın taleyini düşünün, keçən əsrlərdə böyük dövlətlərdə baş verən inqilabları, yada salın, ciddiyyətə alın, biz hamılıqla fəlakətə gedirik, bu fəlakətin qarşısını siz imkanlılar ala bilərsiz, açdığınız iş yerlər ilə, artırılan maaşlarla.
Bizdən yazmaqdı, biz yazdıq sözümüzü dedik, hələ bügün vaxt itirmədən millətin, ölkənin gələcəyinin təminatı naminə hərəkətə keçin, xalqın ağzından tikləri qopartmayın…bu sizin də bərəkətinizin tükənməsinə gətirib çıxarar. Bunu biz demirik tarix deyir, tarixdən öyüd götürənlər bunu yaxşı bilir, sizlər də bilsəniz hamılıqla bütün ölkəmizə yaxşı olar. Ümid edək ki, düşdüyümüz durumdan nəticə çıxaracaqsız, bütün yaxşılıqlar bizlərlə olcaq…Əks təqdirdə bahalaşma ölkəni fəlakətə aparacaq…
Şirin xanım Kərimbəyli Şadiman
01.12.2016