Вы просматриваете: Главная > Şeirlər > HAQQA NECƏ YETİRİM?

HAQQA NECƏ YETİRİM?

HAQQA NECƏ YETİRİM?

Alışıram içimdə kor olmuş istəklərə,
Ürəyim ağı deyir can verən diləklərə,
Dönürəm qasırğalı, davakar küləklərə,
Cəhd edirəm yetişim ünyetməz mələklərə,
Səsimi, nəfəsimi asimana ötürüm,
Bu dünyanın harayın haqqa necə yetirim?

Özümü kökləyirəm buludların zövqünə,
Çapır o xəyal atım səmaların fövqünə,
Çırpınır köks içində könül həyat şövqünə,
Alışır dəli ürək atəşinin sövqünə,
İstəyirəm cahandan əbədi əl götürüm.
Bu dünyanın harayın haqqa necə yetirim?

Gözümün çeşmələri qəlbimi boğur, eyvah,
Ürək həyat eşqinə yeni can doğur, eyvah,
Bədbəxtlikmi görəsən, yoxsamı uğur, eyvah?
Təzə canın eşqinə gəl təni yoğur, eyvah,
Könlümün bağçasında gülüstanlıq bitirim,
Bu dünyanın harayın haqqa necə yetirim?

Mən səadət içində açılarkən solmuşam,
Sinəmin harayına tikan basmış yolmuşam,
Qəlbimin qanadların fəğanımla yolmuşam!
Öz amalı yolunda bir kəsilmiş qolmuşam,
Ürəyimin ağrısın hara salım itirim?
Bu dünyanın harayın haqqa necə yetirim?

İçimdə acılarım baş-başa verib yaşar,
Cahanın əzabıyla sinəmdə hicran daşar,
Bəşərin müsibəti gəlib başımdan aşar!
Ürəyimlə köksümdə əbədi qoşalaşar,
Özümdən min qat ağır dərdi hara götürüm?
Bu dünyanın harayın haqqa necə yetirim?

Canım tənimdən asi, tənim canımdan asi,
Bacarıb ala bilmir bir-birindən qisası,
Nə zamandı tutubdu ürək onlara yası?
Qalmışam aralıqda, vallah, sözün qisası,
Göylərə əl açıbdı hər misram, hər sətirim,
Bu dünyanın harayın haqqa necə yetirim?

Qaçım ağrı-acıdan mən hara daldalanım?
Bir fincanlıq su təki hansı kola calanım?
Nə qədər əzabların atəşinə qalanım?
Nə qədər öz içimdə zülümlərlə talanım?
Rəbbim, izn ver canı hüzuruna yetirim,
Bu dünyanın harayın haqqa necə yetirim?

Qəlbimin pəncərəsin qəhərlərim öpürlər,
Ürəyimin içinə niskillərin səpirlər,
Özlərin dəl-deşikdən içəriyə təpirlər,
Ömürün yollarına düşür izlər, ləpirlər…
Könlümə kölgə tutub mənim tale çətirim,
Bu dünyanın harayın haqqa necə yetirim?

Elə doğulan gündən dərdlə sevdalanmışam,
Ələmin süfrəsindən min cür qidalanmışam,
Ağrıma sultan olub, sanki ədalanmışam,
Ahım götürüb ərşi dərdə sədalanmışam,
Bürüyübdü aləmi qəmə nəş’ə ətirim,
Bu dünyanın harayın haqqa necə yetürüm?

Fəğanlarım dolaşır canla tən arasında,
Çırpınır saatlarım acı mən arasında,
Qəfəsdən uçan quşam, suyla dən arasında,
Ürəyim azıb qalıb duman, çən arasında,
Əzaba qul olmaqdan doyub daha xətirim,
Bu dünyanın harayın haqqa necə yetürüm?

Şadimana gah gülür, gah ağlayır bu tale,
Gah saralır tökülür, gah çağlayır bu tale,
Gah zülmətin içində çıraqlayır bu tale,
Gah ömür kitabını varağlayır bu tale,
Qoymur ki, can sevdasın sona qədər bitirim,
Bu dünyanın əzabın haqqa necə yetirim?
14. 03. 2003
Şirinxanım Kərimbəyli Şadiman