Вы просматриваете: Главная > Şeirlər > YUXUNA DA GƏLMƏYƏCƏYƏM

YUXUNA DA GƏLMƏYƏCƏYƏM

image

Daha yuxuna da gəlməyəcəyəm,
Silkinib çıxacaq ruhum qorxudan.
Sənsizlik dərdindən gülməyəcəyəm,
İçimdə batacaq ahım qorxudan.

Sən mənə həsrəti yaşadacaqsan,
Mən daha kədərə alışacağam.
Məni düşünəndə qəm udacaqsan,
Mənsə qədərimlə barışacağam.

Mən öz taleyimin xəyallarında,
Qurduğum evimə yas tutacağam.
Həsrətin çırpınan vüsallarında,
Bir az can odama dərd qatacağam.

Qovub xəyalını gözüm önündən,
Günümü iş-güclə keçirəcəyəm.
Qoparda bilmərsən məni köksündən,
Səni öz könlümə köçürəcəyəm…
04.11.2016