Sabah Müstəqillik Günümüzdür! Bayramınız mübarək,
ey Azərbaycan adıyla dünyanın hər yerinə səpələnmiş,
o taylı, bu taylı millət,
xoş günlər nəsibimiz olsun, inşallah!!!
MÜSTƏQİLİK
Gedib əldən Qarabağ gülzarı, bizlərə nə var?
Artıb kasıb-kusubun azarı, bizlərə nə var?
Ya çadır, ya da ola məzarı, bizlərə nə var?
Çıxıb ərşə yetimin ah-zarı, bizlərə nə var?
Torpağı yağıya verdik, özümüz müstəqilik,
Dünyaya çatır daha hər sözümüz, müstəqilik.
Əslimiz gədə-güdə, sərvətimiz başdan aşır,
Kütləni əzmək üçün qüvvətimiz başdan aşır,
Millətə elitayıq – hörmətimiz başdan aşır,
Hər yerə gedib çıxan izzətimiz başdan aşır,
Nə olar yurd-yuvamız əsir olub, müstəqilik?
Pulumuz bəxtimizə qəsir olub, müstəqilik.
Erməni qoy Şuşada özünə cəlal açsın,
Xan qızı Nətəvanın ruhuna məlal açsın,
Qarabağı elədik yağıya həlal açsın,
Xalqımızın dilini eyləmişik lal, açsın,
Tanıyır dünya bizi, indi daha müstəqilik,
Batsa da ac-yalavac kasıb aha, müstəqilik.
Əcnəbi banglərə də doldurmuşuq dolları biz,
Açmışıq Amerkaya, Avropaya yolları biz,
Etmişik azad daha qandallardan qolları biz,
Tacımız çiçəkləyir – azadlığın kolları biz,
Cibimiz pulla dolu yoxdu azar, müstəqilik,
İndi çox şairimiz bizə yazar – müstəqilik.
Xarici maşınların yoxdu sayı-hesabı heç,
Daha süfrəmizə də qoymarıq ucuz qabı heç,
Yoxsulun dözümü çox kəsilməyir ki, tabı heç,
Bizlərə yazılmayıb din və qanun kitabı heç,
Tökürük sağa-sola varımızı, müstəqilik,
İndi pul həll eləyir arımızı, müstəqilik.
Çoxdu ki, torpağımız Qarabağı neyləyirik?
Savaş etsək görərik sinə dağı, neyləyirik?
Hökmümüz, fərmanımız, qanlı çağı neyləyirik?
Çadıra binə olan desin ağı, neyləyirik?
Kasıba kahada bəs, pul-parmız müstəqilik,
İndi çox dövlət ilən saz aramız, müstəqilik.
Nefti xammal eləyib çıxarmışıq bazarlara,
Düşsün ac millətimiz min cürə qoy azarlara,
Pul basıb cibimizə, baş vururuq gülzarlara,
Kütlənin çox hissəsi ölüb düşsə məzarlara,
Tək sağ olsun canımız, külfətimiz, müstəqilik,
Artır hey dollar ilə ülfətimiz, müstəqilik.
Torpaq kasıba gərək, bizlərə pul-para yetər,
Millət ağzını aça, yaxarıq çox qara yetər,
Böyüyər uşağımız hər əli min vara yetər,
Çəkərik danışanın dilini lap dara yetər,
Eyləsin kasıblığın ellərimiz, müstəqilik,
Necə şad xürrəm olub illərimiz, müstəqilik.
Beynəlxalq kürsülərdə bülbültək cəh-cəh vururuq,
Qudurdub var da bizi özümüzə qəh-qəh vururuq,
Əyləşib meyxanada canlara pəh-pəh vururuq,
Doldurub qədəhləri bu günə bəh-bəh vururuq,
Arzumuz çiçək açır-kamı bilir, müstəqilik,
Düşmüşük cah-calala hamı bilir müstəqilik.
Bakıda, xaricidə bir neçə adda evimiz,
Bağı bir yana hələ, gör neçə qatdda evimiz,
Göygöldə, Şüvəlanda, lap Batabatda evimiz,
Bizə şöhrət gətirir pullu həyatda evimiz,
Hələ Ulduzları da fəth edirik, müstəqilik,
Ayı Günəş eləyib mədh edirik, müstəqilik.
Xarici maşınlarla hey keçirik bir-birini,
Gözümüz qızır hələ çaş seçirik bir-birini,
Ali məclislərə də baş seçirik bir-birini,
Hərdən paxıllıq edib lap biçirik bir-birini,
İndi zirvəni dəlir dirbaşımız, müstəqilik,
İşləyir cibimizə pak başımız, müstəqilik.
Candan artıq sevirik biz Azərbaycanımızı,
O bizim pullu edib gör necə də anımızı,
Artırır sərvətiylə zirvələrə şanımızı,
Qurbandı min Qarabağ, tək qoruyaq canımızı,
Millətin səbri böyük, dözür hələ, müstəqilik,
Düşməz ki, bir belə fürsət də ələ, müstəqilik.
Şadiman hər nə qədər cəhd eləsə yazmamağa,
Təb ilə dilbir olub, əhd eləsə yazmamağa,
Ağlını qəlbinə sərhəd eləsə yazmamağa,
Od tutan şe’rinə bir həd eləsə yazmamağa.
Girir şeytan ürəyə deyir, bala, müstəqilik…
Cala beyti-beyitə, eylə qala müstəqilik.
20. 07. 2003
Şirin Xanım Kərimbəyli Şadiman