YUVA DAĞIDANLAR…

                              YUVA DAĞIDANLARA VƏ YUVASI

                                DAĞILMIŞLARA DİLƏKÇƏM

 

Əslində bu yazını heç zaman qələmə almazdım, bu yaxınlarda baş verən Sulutəpə əhvalatları olmasaydı. Vətəndaşa ən rahat ölkə onun Vətəni olmalıdır. Biz Azərbaycan türklərində, ən pis  qarqış «Evin başına uçsun», « Evin dağılsın» və ən xoş alqış isə «Evin  tikilsin», « Evin abad  olsun» deyimləridir. Yəqin ki, bu sözlər istər sevgidən, istərsə nifrətdən el arasında tez-tez  işlədilən ifadə vasitələridir. Biz əslində heç zaman bir-birimizə mərhəmətli olmamışıq. Əlimizə  imkan düşən kimi, özümüzdən imkansızı əzməyə çalışmışıq. Qeyri müsəlman əhaliyə isə  xüsusi məhəbbət, sayğı bəsləmişik. Hələ 20 il müstəqillik keçəndən sonra da rusların dilindən qırıla bilmirik, uşaqları indiyədək bir qisimimiz müstəqil Quzey Azərbaycanında rus dilində oxutdururuq. Və bununla da bol-bol qürurlanırıq. İnsani hisslər hər millətdə gözəl kefiyyətdir, əgər varsa, ancaq bu insaniliyi birinci özünə, soyuna, kökünə, dindaşına bəsləməlisən. Necə  deyərlər, əvvəl məscidin içi, sonra çölü…Biz ümumilikdə götürəndə evi dağılmış, evi başına  uçmuş millətlərdənik. Çünki nə qədər qaçqın-köçkün həyatı yaşayan və bu ağrıynan da  dünyasını dəyişən soydaşlarımız var. Düzünə qalanda heç biz fəxr ediləsi millət də deyilik,  yarımız farsın, yarımız rusun əsarəti altında kölə həyatı yaşamaq məcburiyyətində qalmışıq. Bu gün də elə Güneyli bacı və qardaşlarımız bu əsarətin acısını dadmaqdadır. Bu da  deyəsən elə bizim bir-birimizə sevgimizin az olmasından irəli gəlib. Əgər belə olmasaydı  vaxtında birləşib bu köləlik adlı ağır ləkənin kölgəsində ömür-gün sürməzdik…

Qayıdaq mövzunun üstünə. Düzün sözü, sizdən nə gizlədim, Sulutəpədə baş verən  Yuvadağıtma əməliyyatı məni möhkəm sarsıdıb. Bəlli məsələdir ki, imkanlı adamın evini bu  ölkədə heç kim dağıda bilməz. Bu zornan-gücnən daşı daş üstə qoyub özünə yuva quranların  faciəsidir! Əgər, işdi şayəd, imkanlının evini dağıtmış olsalar da, hüquq mühafizə orqanları  tərəfindən tutarlı cəzaya düçar olarlar. Bu cəza yetim-yesirə verilən cəzadır. Bütün bu baş  verənlərin ARDNŞ-lə əlaqəli olması məndə təəssüf doğurur. Çünki o idarə mənə doğmadır və  mən o idarənin tabeçiliyində işləmişəm. Ömrümün 22 ilini ARDNŞ-in tabeliyində olan Dəniz  Mədən Geofizika Ekspedisiyasında yerin tədqiqi ilə məşğul olan şöbədə mühəndis işlədiyim  üçün, yerin üstündən baş açmağa çətinlik çəkdiyimə baxmayaraq, yerin altından baş çıxarma  təcrübəm var. Bir il bundan qabaq, Binəqədi ərazisindən təsadüfən maşınla keçərkən, mədən  ərazilərində tikilən evləri görəndə, təəccüb etmişdim. Soruşsanız niyə görə? Çünki o yerlər  insan yaşamı üçün təhlükəli ərazi sayılmalıdır! Tam istismardan çıxmış mədən əraziləri  çirkliliyi təmizləndikdən sonra o yerlərdə meşə zolaqları salınmalıdır. Belə ki, istismardan  çıxmış quyuların, yenidən qazlılığının artması ilə əlaqəli, işləmə təhlükəsi var. Yəni hər-hansı  orda tikilən ev haçansa göyə sovrula, yəni partlayışla üz-üzə qala bilər. Bəs Bakıda bu işlə  məşğul olan adiyyəti orqanlar niyə bu vaxta qədər susublar və o ərazidə minlərlə ev tikilib, hətta deyilənlərə görə orta məktəb də inşa olunub. Bu vaxta qədər ARDNŞ özü niyə susub  və bu tikintiyə seyirçi qalıb? Bəs Korrupsiya üzrə idarə hara baxıb? Qoy bu sualların  cavablarını məsuliyyət daşıyanlar xalqa açıqlasınlar. Amma mən mədən ərazilərində evi  uçulmaşlara, yuvası dağılmışlara üzümü tutub demək istəyirəm ki, qətiyyən bunu çox  ürəyinizə götürməyin. Sadəcə dəymiş ziyanı tələb eləyin. Çünki ziyanın yarsından qayıtmaq  özü də xeyirdir. Mən sizə sadalayım niyə?.

1. Mədən ərazilərində yaşayış üçün tikilən evlər təhlükəlidir. Çünki istismardan çıxmış neft quyularının işləmə təhlükəsi var.

2. Torpaqda şualanma gedir. Orda xərçəngə, qan azlığına tutulma ehtimalları çoxdur.

Şualanma gedən yerdə oksigen qıtlığı yaranır, bu da ağciyər, ürəkçatmazlığı xəstəliklərinə  səbəb ola bilər.

3. Bakıya üz tutub, mərkəzi özünə yuva seçənlərə isə, demək istəyirəm ki, bu ərazi oksigen  kasıblığından neçə illərdir ki, əzab çəkir. Neftli ərazilər insan yaşayışı üçün əlverişli

sayılmır.

Üstəlik də istiqlalımızı qazandıqdan sonra ilk olaraq paytaxda ekoloji təmiz olan tramvay, trolleybus və Bakı bağlarına gediş-gəlişi təmin edən elektrik qatarlarını şəhərdən yığışdırdılar. Bu da paytaxda oksigen qıtlığının daha da artmasına səbəb oldu. Minlərlə balaca, böyük  minik maşınları bu ərazidə ekoloji fəlakətin aratmasına xidmət edir.

Mənə inanmırsınızsa, səhər saat 8-də gəmiyə minib Böyük Zirə (Nargin) adasının yaxınlığına  qədər gedin və ordan Bakıya baxın. Siz üstündə sıx sarı duman dayanmış bir şəhər  görəcəksiz.  Bu sarı duman zəhərdir, sarı zəhər. Bu isə Bakının oksigen çatmazlığından  xəbər verir. Bu gün paytaxda oksigen qıtlığından əzab çəkən xəstələrin sayı artıb. Buna ürək  çatmazlığı deyirlər. Özü də bu xəstəlik axır illərdə xeyli sayda cavan insanlarımızın arasında  baş verir. Yəni, yarımçıq ömürlülərin sayını artırıb. İnsan ömürünün səhifələrinindən bəllidir ki  o heç də çox uzun deyil. Və qısa ömürü daha da qısaltmağa nə lüzum?

  ARDNŞ-ə isə demək istəyirəm ki, insanlarla kobud rəftar, qəddarlıq, dünyada dördüncü  hakimiyyət sayılan, jurnalistin hüququnu tapdalamaq, ona əl qaldırmaq şənininizə ucalıq  gətirməz. Bir də sizdən rica edirəm ki, yerli-yersiz ARDNŞ-in ərazisi adlı dəmir plakatı harada  gəldi yapışdırmayın. Bir az diqqətlli olun, məsələn mən Pirallahı adasında yaşayıram. Yaşadığımız mənzil isə 80 il bundan öncə tikilib. Hal-hazırda bu evlər Abşeronneftin  balansından alınıb və Bakı İcra Hakimiyyətinin tabeçiliyinə verilib. Yəni bu evlərin ARDNŞ-ə  dəxli yoxdur. Deyəsən, bu neft bizi istiylə yox, tüstü ilə boğmaq istəyir. Bir el məsəlində  deyildiyi kimi «qızınmadıq istisinə, kor olduq tüstüsünə»… Mənim Bakı ərazisində yaşayan  imkansız caamatımıza bir məsləhətim də var. Elə mən də sizi qarışıq gəlin hər ailə özünə bir  çadır alsın. Çünki evimizin qəfildən sökülmə məqamı çatsa, allah eləməmiş, onda, heç  olmasa, başımızı salmağa çadırımız olsun. Sonda İlahidən diləyim budur ki, bizim  insanlarımızda bir-birinə qarşı istəyi, sevgini, ülfəti artırsın. Amin!…  

Vəssalam, şüt tamam…Hələlik deyəcəyim bu qədər…

 

20.04.2012

 

Comments

No comments yet. Why don’t you start the discussion?

Bir cavab yazın