Вы просматриваете: Главная > Şeirlər > URMU GÖLÜ AĞISI

URMU GÖLÜ AĞISI

 

URMU GÖLÜ AĞISI
Güney Azərbaycanında
Urmu gölü yox olmaq
təhlükəsi ilə üz-üzə,
o, insanları haraya çağırır…
Çəkilib sinəmə dağlar, düyünlər,
Tərsinə çevrilib indi beyinlər,
Quruyur sularım, tükənir günlər,
Yanıb köz oluram oduma gəlin.
Ey Vətən deyənlər, dadıma gəlin.

Adımı Urmugöl qoydu dədələr,
Mənim harayıma yetmir gədələr,
Dərdimi köksümdən gəlib didələr,
Yığılın, ellilər, adıma gəlin.
Ey Vətən deyənlər, dadıma gəlin.

Tökülür bədənim, qəfəs oluram,
Anbaan quruca nəfəs oluram,
Bəmdə inildəyən bir səs oluram,
Bəmimə zil tutun, addıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Məni Urmu deyib, öyürdüz axı,
Mənə sevgili yar deyirdiz axı,
Qalxır asimana köksümün ahı,
Güneyli, Quzeyli yardıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Daha quş karvanı gölə gəlməyir,
Mənim ağılarım dilə gəlməyir,
Sularım quruyur, ələ gəlməyir,
Durun, qoşun çəkin, yurduma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Babəkin kəsilən qolu haqqı ki,
Nəsimi soyulan yolu haqqı ki,
Sərdari-millilər halı haqqı ki,
Hələ can üstəyəm, vardıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
İndi ağım ilə yüklənib Güney,
Min bir əzablarla rənglənib Güney,
İranda, ey dunya, təklənib Güney,
Dillər haraylayan, sorduma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Mən sussuz yaşaya bilməyəcəyəm,
Sularım coşmasa, gülməyəcəyəm,
Mənə can desələr, ölməyəcəyəm,
Düşün cığırıma – ardıma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Şadiman, bilirəm yanırsan mənə,
Sən də bu gölümü anırsan mənə,
Gəl, ey şair qızım, su lazım tənə!…
Dərdi ləşgər çəkən, orduma gəlin,
Ey Vətən deyənlər, dadıma gəlin.
Ey Vətən deyənlər, dadıma gəlin.
26.07.2012
Şirin Xanım Kərimbəyli Şadiman