LƏNƏT VƏ RƏHMƏT
İki şeydən birin qazanır insan,
Biri lənətdirsə, o biri rəhmət.
Lənətə sahiblik nə qədər asan,
O ki, tələb etmir heç kimdən zəhmət.
Rəhmətin yiyəsi olmaq çox çətin,
Adəmdən Tanrıya lənət-xəyanət!
Rəhmət qazancıdır bəşəriyyətin,
İnsanlıq adına lənət-cinayyət.
Nə dövlət, nə sərvət, nə pul, nə para,
Heçnə aparmadı gedən dünyadan.
Vurduq bir-birinin köksünə yara,
Niyə gen gəzərək bəs bu qayədən?
Rəhmətlə anılan insanlar böyük,
Onlar aynasıdır yaxşı işlərin,
Lənətə tuş olan dünyaya bir yük,
O ki, meyarıdır pis vərdişlərin.
Deyirlər cahana gələndə hər kəs,
Anadan saf olur, sonra pozulur.
Mənimsə qayəmdə bu fikir əbəs,
İnsanın kimliyi köklə yozulur.
Kökdə haram varsa, demək, soy haram,
O, naqis işlərdən yapışacaqdır.
Doğulan zamandan tapmayıb aram,
Düzlüklə, şərəflə çarpışacaqdır.
Hər lənət qazanan nə qədər müti,
O ki, məzarda da məzara yaddır.
Ondan çox anılır qapının iti…
Hər iki dünyaya rəhmət həyatdır!..
Rəhmətdir bəşəri şərdən qoparan,
Onunla açılır, ey həyat, gözün,
O biri dünyaya lənət aparan-
Lənətə boyadın dünyanın özün!..
Şirin Xanım Kərimbəyli Şadiman