Вы просматриваете: Главная > Şeirlər > DAĞLAR…

DAĞLAR…

DAĞLAR

Ətəkləri əlvan-əlvan,
Başı ərşə duran dağlar.
Yamyaşıldı könül yuvan,
Zirvədə toy quran dağlar.

Qayaları kəklik, turac,
Səyyadına heç verməz bac,
O mirvari dumanı tac,
Taymı sənə aran, dağlar?

Zirvəsində Çıraqqala,
Yamacları tala-tala,
Şimşəkləri kiprik çala
Heç qopmaya boran dağlar.

Bulaqların çeşməsi bol,
Hər ağacın arası yol,
Əsər həzin yellərdən kol,
Çənlə ara vuran dağlar.

Bağrım elə cilvələnib,
Göylərinə al ələnib,
Yalyamaca göy bələnib
Qəm qoşunun qıran dağlar.

Diz bükülməz yoxuşuna,
Bənzər xalı naxışına,
Qurban olum baxışına,
İslat məni yağışına…
Xəyalımı yoran dağlar.

Meşələrin hüsnə çıraq,
Zirvələrin varaq-varaq,
Qartallardan bir ver soraq,
Pozulmasın sıran, dağlar.

Nə qalmısan tül altında?
Göy yaxası gül altında,
Ocaqların kül altında
Yanar koran-koran dağlar.

Duman çəni arxaladı,
Döşündəki nə taladı?
Könlü elə çalxaladı
Üzündə ki, toran dağlar.

Təbiətin gözəl yarı,
Tağlarında oxşa qarı,
Mənə sarı bir bax barı,
Təblə olsun aran, dağlar.

Ocağıma köz ələmə,
İlhamıma söz eləmə,
Mənə belə göz eləmə,
Yuxusundan duran dağlar.

Şadimanın könlün ovut,
Buz suyunla qəlbi sovut,
Ürəyimi əlində tut,
Əhvalımı soran dağlar.

29.11.2001.

NOVRUZUN

İlahi, nə qədər qəlbə dirəkdi,
Bitməz heç söhbəti, sözü Novruzun.
Köksümün içində vuran ürəkdi,
Gözəldi qədəmi, izi Novruzun.

Lap cuşə gətirir bu qanımızı,
İsidir oduyla hey canımızı,
Bürüyüb səməni hər yanımızı,
Yaşıla bürünüb üzü Novruzun.

Uşaqlar sevinclə çımrar qolların,
Odu ərşə qalxar lal tonqalların,
Gözlər qonaqların gələn yolların…
Süfrələr başında özü Novruzun.

Xonçalar üstündə alışar şamlar,
Kükrəyər dəniztək arzular, kamlar,
Büsata bürünər eldə adamlar,
Gəlişi şad edər bizi Novruzun.

Yaz gəlini olar sabahımızın,
Bahar müjdəsidir Allahımızın,
Boğazı tutular hər ahımızın,
Nəşəsi məlhəmdir, düzü Novruzun.

Neçə minilliyi gördü kim bilir?
Min-min əsrləri yordu kim bilir?
Günəşin köksündə qordu, kim bilir?
Ürəkləri yaxar közü Novruzun.

19.03.2000.
Şirin Xanım Kərimbəyli Şadiman