Вы просматриваете: Главная > Şeirlər > ÜŞÜDÜM…

ÜŞÜDÜM…

ÜŞÜDÜM

Üşüdüm gözlərin xəyanətindən,
İblis ürəklərin bəd niyyətindən,
Üşüdüm sevginin soyuqluqundan,
Sısqa baxışların donuqluqundan,
Müdrik duyğuların oyuqluqundan.
Üşüdüm yalanın qaralarından,
O haram ciblərin paralarından,
Dünyanın sağalmaz yaralarından…
***
Əyilməz qəddimi əydi bu ələm.
Üşüdüm, tək otaq, bir mən, bir qələm.
Yetmədi Tanrıya, yetmədi naləm.
Zaman çıraq tutdu əyri işlərə,
Ürəklər sındıran pis vərdişlərə,
Quduzluq bəxş edən haram dişlərə.
Soyuq baxışların dönüklüyündən,
Eşqin, məhəbbətin sönüklüyündən,
Qara yalanların böyüklüyündən,
Üşüdüm, İlahi, üşüdüm, yenə,
Yandı sitəmlərdə günahsız sinə.
***
Üşüdüm–tökülən nahaq qanlardan,
Yaşamaq eşqiylə solan canlardan…
Bir-birinə yağı bu insanlardan!
Sitəmləri sonsuz dünya nə yaman?
Aman istəyirəm, ey Tanrım, aman!
Üşüyə-üşüyə soldu varlığım,
Çırpındı qəfəsdə can vüqarlığım,
Qaraya büründü bəxtiyarlığım.
Dünyanın fəqanı göylərdə gülüş,
Qurtarmaq bilməyir min illər döyüş.
Əzablı vuruşda bu Şadimanın,
Tanrım bilməm niyə almayır canın?!..
03.12.1991

Şirin Xanım Kərimbəyli Şadiman