Вы просматриваете: Главная > Şeirlər > VƏTƏNİN VARLIĞI

VƏTƏNİN VARLIĞI

VƏTƏNİN VARLIĞI

Vətənin varlığı əsgərdən başlar,
İgidin sədası sərhəddən gələr.
Yurduna arxadır düşünən başlar,
Düşmənə nifrətlər hiddətdən gələr.

Torpaqsız, yuvasız insan qəribdi,
Dünya ayağına hicran səribdi,
Məğlubun barını yağı dəribdi,
Çəkdiyi sitəmlər zillətdən gələr.

Vətən ev-eşikdi, Vətən diləkdi,
Bədənin içində vuran ürəkdi,
Allah nəsib edən məsum mələkdi,
Onun mükafatı nemətdən gələr.

Biz ağrı-acısın uduruq hər gün,
Dərdini minnətsiz dadarıq hər gün,
Onunla sevdalı dildarıq hər gün,
Tək ona sevgimiz izzətdən gələr.

Vətən duyğu dolu həyata bağlı,
Çağladır ruhları, coşdurur ağlı,
O candan boylanan bir el nağılı!
Onun sədaqəti millətdən gələr.

Şadiman, nə eşqdi boylanır candan?
Ağrına qoşulub oylanır candan,
Qopa yurdlarımız acı hicrandan,
Sağalmaz yaralar illətdən gələr.

14.02.2016
Şirin Xanım Kərimbəyli Şadiman