Вы просматриваете: Главная > Şeirlər > YER OYNAYIR YERİNDƏN

YER OYNAYIR YERİNDƏN

Torpaq çərşənbəniz qutlu olsun!
Bu təzə yazdığım şeirlər fədakar Ukrayna xalqına həsir olunub!
Tanrı Ukraynaya yardımçı olsun! İnanıram ki, Haqq qələbə çalacaq!…

 

Yer oynayır yerindən,

Unudub Allah yeri.

Köks ötürür dərindən.

Bir sümükdür, bir dəri.

 

Şər başlar savaş doğur,

Dağılır yurd-yuvalar.

Dözmür partlayır bağır,

Haqqa yetmir dualar!

 

Qatil meydan sulayır,

Dünya dönüb zindana.

Yaltaq quyruq bulayır,

Batıbdı aləm qana.

 

İndi də qanda üzür,

İblis əllə Ukrayna.

Tanrı bəs necə dözür?

Bu üzlər, bu da ayna!

 

Zirzəmidə doğulur,

Müharibə uşağı.

Göz yaşında boğulur,

Gənc ana bu sübh çağı!

 

Gözləri dolu işıq,

Nə baş verir bilməyir.

Dünyamıza yaraşıq,

Həyata gülmüsəyir.

 

Bayırda güllə səsi,

Yeri, göyü titrədir.

Süd qoxulu nəfəsi,

Adamı heyran edir!

 

Atası əldə silah

Düşmənlərlə savaşır.

Necə olacaq sabah,

Adamın ağlı çaşır!

 

Nə zaman yer üzündən

Kəsiləcək qan-qada?

Qopacaq qara gündən,

Gün görəcək dünya da!

 

Şər özünü haqq sayır,

Haqqın beli bükülür.

Aləmə  zülüm yayır,

Dünya uçub tökülür.

 

Bəs nə edək, İlahi,

Qan tutub gözümüzü.

Qoparıb qəlbdən ahı,

Qutar xətadan bizi.

 

Şadimanın beyini

ümidi kəsmib səndən.

Aç sinəmdən düyünü,

Ürəyimi al məndən.

28.02.2022

 

QAN İYİ GƏLİR

 

Açılan sabahdan qan iyi gəlir,

Niyə açılır ki, sabahlar, Allah?!

Ölüm göz önündə, an iyi gəlir,

Artır günbəgündən günahlar, Allah.

 

Körpə gülüşləri dodaqda donur,

Silahlar susmayır, yer çalxalanır.

Kədər dumanları gözlərə qonur,

Dodaq kilidlənir, ürəklər yanır.

 

Zalımlar dünyanı yaxıb yandırır,

Sönür ürəklərdə arzular, kamlar.

Dünyanı sabahdan ah oyandırır,

Yenə güllə səsi duyur axşamlar.

 

Çatmaq istəyənlər özgürlüyünə,

Qatillər əlində qıfıla düşür.

Adamın işləyir qəm iliyinə,

Tülkü xislətlilər özün sanır şir!

 

Bü gün Ukraynadır, sabah başqası,

Niyə kəsməyirlər cahandan qanı?

Basıbdı aləmi ölüm, can yası,

Vicdanlar qapanıb, insanlıq hanı?

 

Aləm batıb qalıb kələk içində,

Kələyin ipini yığan olmadı.

Dərdlər üsbəüstdü ürək içində,

Qatili bətində boğan olmadı!

 

İlahi, nə zaman bitəcək qanlar,

Dinc həyat gələcək bu yer üzünə?

Cahillər nə vicdan, nə də dil anlar,

Zənn edir əməli zinət özünə.

 

Şeytanlar, iblislər meydan sulayır,

Onlara dur deyən tapılacaqmı?!

Məzlumun göz yaşı aləm sulayır,

Şərlə dolu başlar çapılacaqmı?

 

Kim əkdi, kim doğdu müharibəni?

Bunu hansı başlar dünyaya verdi?!

İlahi, agah et bu sirdən məni,

Daşıya bilmirəm daha bu dərdi.

01.02.2022

 

YEM OLAN DÜNYA

 

Yenə hiylə doğur başlar, beyinlər,

Yenə bir-birindən ağrılı günlər,

Körpənin gülüşü dodaqda inlər…

İçi də, çölü də qəm olan dünya,

İblisə, şeytana yem olan dünya.

 

Çoxdan hesabını itirib bəşər,

Yenə kinli qəlblər haqla əlləşər,

Niyə meydan sular cahan içrə şər?!

Gözləri əbədi nəm olan dünya,

İblisə, şeytana yem olan dünya.

 

İnsan da bu qədər suç işləyərmi?

Körpəni öldürmək böylə hünərmi?

Mələk göy üzündən yerə enərmi?

Fərəhi əbədi kəm olan dünya,

İblisə, şeytana yem olan dünya.

 

Hayqırsın buludlar, çaxsın şimşəklər,

Göydən dolu töksün yerə fələklər,

Yusun yer üzündən qanı mələklər,

Ahdan bihuş olub dəm olan dünya,

İblisə, şeytana yem olan dünya.

 

Allah peşimandı yaratdığından,

Yaradıb dünyaya köz atdığından,

Xeyir zühur etmir tez batdığından…

Sədası azalıb bəm olan dünya,

İblisə, şeytana yem olan dünya.

 

Şadiman misraya düzür ahını,

Batır zalımların qan silahını,

Tanımır çoxları heç Allahını,

Savaşa, qırğına çəm olan dünya,

İblisə, şeytana yem olan dünya.

09.03.2022

 

QƏHRƏMAN UKRAYNA XALQI

 

Sənin azadlığın kişiliyində,

Yumruğa dönübdü hürr birliyində,

Cəsurluq canında, saf iliyində,

Verdin haqqa fərman Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Laxlat İmperyanın tacı-taxtını,

Ağlasın bugünü qara baxtını,

İrəli, boşuna vermə vaxtını!…

İndi qızıl zaman Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Sənin bayrağında göyün rəngi var,

Geniş zəmilərin yurd ahəngi var,

İşğalçı qansıza ölüm zəngi var!

Rəbdən gəlib fərman, Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Qıpçağı, sakları gətir yadına,

Yetişər ulular tez imdadına,

Necə yaraşırsan sən öz adına?!

Sənə döyüş dərman Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Qullar heç bir zaman haqqın almadı,

Çocuğu, çoluğu öldü qalmadı,

Savaşsız heç bir xalq azad olmadı,

Gətir yurda səhman Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Bilirəm çətindir bugün elinə,

Vətənin dönübdü qan-su gölünə,

Oğulların alıb silah əlinə,

Verirlər yurda can Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Tanrı haqq yanında, haqq parlayacaq,

İşğalçı çökəcək, günün sayacaq,

Tikiləcək evlər, yanacaq ocaq…

Olacaq el həyan Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Sənə Zelenski Haqdan doğuldu,

Yağıya əyilməz mərd oğlun oldu,

Qaliblik adını tarixə saldı!

Yox qatildə iman Ukrayna xalqı.

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Hünər sahibləri hürr qazandılar,

Şər xislətlilər haqqı dandılar,

Xalqlar cəsurunu hər an andılar,

Cəsuruna mehman Ukrayna xalqı

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Mən vəcdə gəlmişəm döyüşünüzdən,

Azadlıq yolunda pak işinizdən,

Keçirtdiz qorxunu sərt dişinizdən,

Etdiz işğala man Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Çöküb igidliyin qan yaddaşına,

Şərəf rövnəq verir vətəndaşına,

Dünya səcdə edir uca başına!..

Qəzəbin ox-kaman Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

 

Şadiman susmayan sazdı könüldən,

İşğala məzarı qazdı könüldən,

Qələmim bu şeiri yazdı könüldən,

Sizlərə ərmağan Ukrayna xalqı,

Soy-kökü qəhrəman Ukrayna xalqı.

09.03.2022

 

QOPMAYIR ÖZ XİSLƏTİNDƏN

 

Verir həm özünə, həm xalqa zillət,

Edibdi əlində yurdları alət,

Basıbdı vicdanın zülüm, zəlalət,

Canın qurtarmayır bəd niyyətindən,

İşğalçı qopmayır öz xislətindən.

 

Yenə qılıncını çıxarıb qından,

Yenə savaş səsi gəlir hər yandan,

Yenə də titrəyir yer həyəcandan,

Pay vermək istəyir əsarətindən,

İşğalçı qopmayır öz xislətindən.

 

Püskürən əjdaha – kini cəlladın,

Hayqırır dünyaya imperya adın,

Batırır içində xalqın fəryadın,

Ətrafa od saçır zəlalətindən,

İşğalçı qopmayır öz xislətindən.

 

Boğur ağrılarda o Rusiyanı,

Az qalıb şüşədən çıxsın div canı,

Tökür Ukraynada günahsız qanı,

Qanına bələnsin həqarətindən,

İşğalçı qopmayır öz xislətindən.

 

Qoymur azadlığa çıxsın insanlar,

Ona xoş, gözlərdən axan leysanlar,

Tökülən qanları sayır ehsanlar,

Ayrıla bilməyir şər zülmətindən,

İşğalçı qopmayır öz xislətindən.

 

Şeytana, iblisə səcdə eləyir,

Vaxtsız ölümlərə müjdə eləyir,

Aləmin özünü aha bələyir,

Yorulmur boşuna əziyyətindən,

İşğalçı qopmayır öz xislətindən.

 

Neyləyək, İlahi, olmuşuq şikar,

Zülümün dünyaya edir aşikar,

Daha yer də, göy də etməyir inkar,

Düşmənin minüzlü sədaqətindən,

İşğalçı qopmayır öz xislətindən.

09.03.2022

 

MÜSİBƏTİ YAŞAYIRSAN SƏN

 

Hankı müsibəti yaşayırsan sən,

Ananın göz yaşın yalayan körpə?!

Bu necə ağır yük daşıyırsan sən,

Yanağın qan-yaşla sulayan körpə.

 

Düşdü qanlı savaş körpə çağına,

Bayırda raketlər alov qoparır.

Düşüb haqq, ədalət şər ayağına,

Zamanın karvanı hara aparır?

 

İşğalçı anlamır nədir suç, günah?

Günahı yükləyir məzlum boynuna.

O məsum gözlərin arayır sabah,

Dünya tamaşaçı zalım oynuna.

 

Evin kəndarına yağır güllələr,

Ananın göz yaşı sənə su olub.

Titrəyir soyuqdan balaca əllər,

Qısaca ömrünə gün ası olub.

 

Xarkovun üzünü bürüyür bulud,

Qurtarmır dünyadan qatil savaşı.

Şaxtanı dalınca sürüyür bulud,

Asiman axıdır acı göz yaşı.

 

Martın şaxtasına dözməyir canın,

Qışqırıb ananı qucaqlayırsan.

Titrəyən dodaqda var həyəcanın,

Gah yatır, gah səssiz hey ağlayırsan.

 

Yanır susuzluqdan dilin, dodağın,

Ananın göz yaşı bir udum həyat.

İşğala tuş gəldi körpəcə çağın,

Qatil amansızdı, yum gözünü yat…

09.03.2022

 

ALOV İÇİNDƏ

 

Ukrayna torpağı alov içində,

Qadınlar, uşaqlar sərhədə qaçır.

Ümid çapalayır tilov içində,

Evlərin qapısın indi dərd açır.

 

Atasın, anasın itirmiş oğlan,

Uçulmuş, dağılmış evə boylanır.

Görür alovlarla alışır hər yan,

Kitabı, dəftəri odlarda yanır.

 

Ata da, ana da həlak olubdu,

Gedir hönkürtüylə yollar uzunu.

On bir yaşlı uşaq yetim qalıbdı,

İndi kim çəkəcək onun nazını?!

 

Məktəbi dağılıb, şəhəri viran,

Qaçırıb canını düşür yollara.

Görən olacaqmı halını soran?,

Körpəcə qəlbinə vurdular yara.

 

Qaçır vətənindən sərhədə doğru,

Sərhədin o üzü nəyi vəd edir?

Yurdu viran edən işğalçı – oğru,

İnsan insandırsa vəhşilik nədir?

 

Balaca oğlanın gözündə təlaş,

Şaxtadan buzlayıb əli, ayağı.

Əyilib sinəyə yorğunluqdan baş,

Harada axtarsın indi dayağı?

 

İşğalçı soy-köküm deyir onlara,

Soy-kökün gülləyə, borana tutur.

Ukrayna xalqını salıb qanlara,

Raketi atanda soyun unudur.

 

İsti yemək verir kiçik Alenə,

Polşa sərhədində əmi, dayılar.

Körpəcə ömründən incik Alenə,

Yağı məğlub olar, ötüşər vaylar.

09.03.2022

 

BU DÜNYANIN ƏLİNDƏN

 

Yorulmuşam bu dünyanın əlindən,

Hara gedim, hara qaçım, bilmirəm?!

Qəm almışam bu dünyanın əlindən,

Dərdlərimi kimə açım, bilmirəm?!

 

Fələk çəkib üsbəüstdən dağ mənə,

Niyə qıymaz bir xoş gələn çağ mənə?

Ölü saydı, heç baxmadı sağ mənə,

Bəxt qapısın necə açım, bilmirəm?!

 

Dərd-qəmimi hara töküm içimdən?,

Arzularım keçib min yol biçimdən,

Baş açmıram tale seçən seçimdən,

Həyatıma necə acım, bilmirəm?

 

Şadimanı çəkdi aldı qəm məndən,

Göz öyrəşib əl çəkməyir nəm məndən,

Qaçıb gedir fərəh dolu dəm məndən,

Bəlkə elə dərd əlacım, bilmirəm.

09.03.2022