Вы просматриваете: Главная > Şeirlər > SALAM RUHUNA

SALAM RUHUNA

 Qusar rayonun Balaqusar kəndindən

Birinci Qarabaq müharibəsi

 Şəhidi Sərvər Abdulkərimova ithaf

 

 

Min doqquz yüz doxsan bəlayla gəldi,

Yağılar Vətənin bağrını dəldi,

Qarabağ ağrısı canda yüksəldi,

Kürəyə bıçağı saplayan əldi,

Sığındın el oğlu tək Allahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Qaldı işğal altda yurdlar, yuvalar,

Qopdu dodaqlardan Haqqa dualar,

Tutuldu buludlar, doldu havalar,

Çaldı qəvi düşmən fitnə havalar,

Dözmədin qız-gəlin, ana ahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Xocəvənd uğrunda qalxdın savaşa,

Şuşanın harayı döndü göz yaşa,

O zaman qaliblik yetmədi başa,

Qurdu mənfur düşmən qanlı tamaşa,

Tapındın ümidlə xoş sabahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Balaqusar igidi getdin cəbhəyə,

Canın ruhu çəkdi uçan gülləyə,

Cəhd etdin düşməni qana bələyə,

Şəhid olan yerdə Vətən var deyə!

Sarıldın mərdliklə sən silahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Ucaldın zirvəyə şəhid adınla,

Ruhun qürur duysun övladlarınla-

Amalya, Ruqiyyə, Fərrux varınla,

Ziyarət edirlər səni yarınla,

Məzarın dönübdü səcdəgahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Ali Baş Komandan dedi: Qalx,  Əsgər,

Vətən qisas deyir sən göstər hünər,

Qəhrəman savaşdan şərəflə dönər,

Düşmən, ayağının altına enər,

Şəhidlər döndülər yurd rifahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Keçən il savaşa qalxdı oğullar,

Şərəflə tarixə yazdı nağıllar,

Qəhrəman analar igid doğurlar,

Cəsurlar yağını qanda boğurlar,

Boğuldu düşmənlər suç-günahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Cəmi qırx dörd günlük savaş açdılar,

Şəhid məqamına varıb uçdular,

Qazilər od olub alov saçdılar,

İt təki yağılar qorxub qaçdılar,

Yağı leşə döndü öz tamahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Xalqımız dönübdü dəmir yumruğa,

Vətənin bəxtinə al günəş doğa,

Gəlib igidliyə dünya sorağa,

Yazıldı şərəfli döyüş varağa,

Söz tapmır yağılar şər izahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

İndi azad olub Qarabağ yurdu,

Vətənin qisasın alıbdı Ordu,

İgidin nərəsi alovdu, qordu,

Düşməni alnından, köksündən vurdu,

Sığınıb namusla haqq pənahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Şuşamız oyanır azan səsinə,

Quranın ilahi xoş nəfəsinə,

Açır xarıbülbül yurd həvəsinə,

Qonubdu dillərin zümzüməsinə,

Allah qələm cızsın şər islahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

 

Üzdü yurd ağrısı bu Şadimanı,

Vətəndi qibləsi, dini-imanı,

Şəhid məzarları yurdun hər yanı!,,

Baş əyir önündə həm cismi-canı,

Erməni tuş gəlib öz ikrahına,

Salam, şəhid Sərvər, salam ruhuna!

Salam, şəhid Sərvər, salam ruhuna!

22.11.2021/  Pirallahı

bodrum eskort - eskişehir eskort - eskort mersin - mersin eskort bayan - mersin eskort