Вы просматриваете: Главная > Şeirlər > KORONAVİRUS

KORONAVİRUS

Bilməm doğulmusan, yoxsa doğublar…?

Üzülür, dözməyir can, Koronavirus.

Həyata dərd dolu kədər yığıblar,

Önündə qul olub an, Koronavirus.

 

Havaya bağlıdır ürək odumuz,

Gəlmisən qaçıbdı ağız dadımız,

Çıxıb yadımızdan daha adımız,

Salmısan araya qan, Koronavirus.

 

Dünyanın nizamın niyə pozmusan?

Dönüb məhvərindən yolu azmısan,

Qəzəbli şir kimi yaman qızmısan,

Tutubdu gözünü qan, Koronavirus.

 

Yığıb insanları evə salmısan,

Cahan təlatümdə qalmaqalmısan?!

Eybəcər tacınla iblis halmısan?!

Düşüb atəşlərə yan, Koronavirus.

 

Deyirlər canın var, canın yaxılsın,

Tacın başdan düşüb yerə yıxılsın,

Şeytan ürəyinə xəncər taxılsın,

Qalmasın tənində qan, Koronavirus.

 

Adamsız sönükdü parklar, küçələr,

Sükuta qısılıb gündüz-gecələr,

Dillərə saplanıb qəmli necələr,

Olmaz belə şöhrət-şan, Koronavirus.

 

Gətirdiyin bəla özünə qalsın,

Yanasan külündən təpə ucalsın,

Səni də ölənlər gününə salsın,

Bəsdir aldın daha can, Koronavirus.

 

Şadiman bəs necə sözə qaçmasın?

Ruh dərdən hövlanıb təndən uçmasın?!

Həkimlər tapmayır dərdin açmasın,

Etdiyin zülümü qan, Koronavirus.

14.06.2020