Вы просматриваете: Главная > Şeirlər > QİSASA ÇAĞIRIR

QİSASA ÇAĞIRIR

Bizə ölmək olmaz, ey soydaşlarım,
Analar, bacılar, qan qardaşlarım,
Quru gözlərimdən axan yaşlarım,
Batıb əsirlikdə solanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Uşaqdan böyüyə ağlamaq yetər,
Özgəyə ümidlər bağlamaq yetər,
Bəsdi, sinəmizi dağlamaq yetər,
Son qoyun bu yurddan olanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Bunu Pənahabad sarayı deyir,
Şuşanın o əsir harayı deyir,
Xocalıdan qopan el vayı deyir,
Batmalı qırğını salanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Harınlar kazino küncündə kişi,
Qumarda uduzmaq, udmaqdı işi,
Aslan ki, aslandı erkək ya dişi,
Batmasın saçını yolanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Ana övladına eyləyər ərki,
Basılsaq bu yurdun başına sərki,
Hər doğulan oğul sayılmaz ər ki,
Son qoysun ürəyi talanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Qurtul, anam, bacım, o göz yaşından,
Qara örtüyünü götür başından,
Silah al oğlundan, hərb qardaşından,
Düşsün yurd-yüvana dolanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Qana-qan olmalı ürəyimizdə,
Şir gücü bükülməz biləyimizdə,
Savaş! Savaş! Savaş! Diləyimizdə,
Batsın Qarabağı alanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Şəhid məzarıtək and yerimiz var…
Cavanşir qüdrətli çox ərimiz var,
Məmməd Əmin təki öndərimiz var,
Qoy düşsün min hava çalanlar yasa,
Qisasa çağırır Vətən, qisasa!

Bizə məğlub deyir hər yoldan ötən,
Çox meydan oxuyur hər gəda, yetən,
İnsana şirindir canından Vətən!
Qartal hünərini bilsin yarasa,
Qisasa çağırır Vətən, qisasa!

Qadın, yaddaşını səslə dadına,
Qan alan Tomrisi gətir yadına,
Ağlamaq yaraşmaz indi adına,
O əllər yağını boğazdan asa,
Qisasa çağırır Vətən, qisasa!

Bu namus savaşı, bu qan savaşı,
Ayağa düşməli hayların başı,
Ey yurdun qeyrətli, ər vətəndaşı,
Nərə çək, nərəndən yağı qan qusa,
Qisasa çağırır Vətən, qisasa!

Ləkəli namusu qanla yuyarlar,
Namussuz olanın bağrın oyarlar,
Qan alsaq dünyada bizi sayarlar!
Qorxağı kim duya, kim qulaq asa?
Qisasa çağırır Vətən, qisasa!

Şadiman, silahlan, dön silahdaşa,
O əsgər papağı şərəfdi başa,
Güllə ürəyinə dəysə də yaşa…
Qoyma, bu torpağı erməni basa,
Qisasa çağırır Vətən, qisasa!
Qisasa çağırır Vətən, qisasa!
26.02.1998
Şirin Xanım Kərimbəyli Şadiman