Вы просматриваете: Главная > Şeirlər > BÜTÖVLƏŞ AZƏRBAYCAN

BÜTÖVLƏŞ AZƏRBAYCAN

Bü gün Dirçəliş günündür, kaş bütöv Dirçəlişini görəydim, VƏTƏN….
BÜTÖVLƏŞ AZƏRBAYCAN

Sənin yarımçıqlığın qəlbimizə yaradır,
Əldən getmiş yurdların bil ki, hardan haradır…
Haqqını almayanın daim üzü qaradır,
Yalnız bütövləşməyin yaralara çaradır,
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

Kimliyimiz illərdi adımızdan silindi,
Dostun, düşmənin kimdi, aşkar olub bilindi,
Türkliyinə yiyə çıx, çağlayan Türk dilindi,
Min illərdi yağıya qılınc vuran əlindi,
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövəş,Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

Sərvətin yağıların cibində pula döndü,
Qulbeçələr çoxladı, əyilməklə öyündü,
Dərdin ürək yerinə sinəmizdə döyündü,
Söylə kor taleyinə vurulan nə düyündü?!
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

Dədəm Oğuz bəyinə yaraşarmı bu illət?
Cəllad fitvası ilə adın unudub millət,
Öz Vətəni içində qaçqın olmaq həqarət,
Həqarəti daşımaq dünya boyda zəlalət,
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı iriləş, Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

Sənin övladlarının özü döndümü səndən?!
O üzdən qurtulmağın müşküldü duman, çəndən,
Hönkürür misralarım, sözlər üzülür dən-dən,
Üzüdönük oldumsa qalx qısası al məndən…
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

Qulaq ver Güneyinin Türkəm deyən səsinə!
Al Quzeyin harayın nəfəs qoş nəfəsinə,
İlahi şüvən qursun zülümün qəfəsinə,
Qalx pərvazlan, Vətənim, Babəklər həvəsinə,
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

Ey sevgisi tükənməz, canımın yarı Vətən,
Soy-kökümün məkanı, əhdi-ilqarı, Vətən,
Qəlbimin sığındığı könül nübarı Vətən,
Xərcləmə xainlərə bağından barı, Vətən,
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

Şadimanın ruhuna ağrılarla dolma gəl,
Düşmənlərin önündə qolu bağlı olma gəl,
Xainə can söyləyib, qol boynuna salma gəl,
Məğlubluğa eşq edib, yağıya alçalma gəl,
Bəsdir qaldın yarımcan diriləş, Azərbaycan!
Çal Xətai havanı bülövəş, Azərbaycan!
Haqsızlığı qandalla bütövləş, Azərbaycan!

17.11.2019