Вы просматриваете: Главная > Şeirlər > BAYRAĞIM

BAYRAĞIM

BAYRAQ GÜNÜN MÜBARƏK, VƏTƏN….iŞĞALDA OLAN TORPAQLARINA QOVUŞASAN…

Bir kərə yüksələn bayraq, bir daha enməz…
Məmməd Əmin Rəsulzadə

Həsrət ilə xəyallarda alışdığım, yandığım,
Gecə-gündüz min hicr ilə məhəbbətlə andığım,
Vüsalını uyğularda cəfalarla sandığım,
Fırtınalı nəhrlər tək coşub-daşan bayrağım,
O əzablı tale ilə qardaşlaşan bayrağım.

Başın üstən fəlakətlər əsib keçdi yel kimi,
Qabarman da, çəkilmən də dağdan aşan sel kimi,
Taleyin də dərdli imiş bu bəlalı el kimi,
İldırımlar başın üstən çaxıb keçdi, bayrağım,
Bəxt ulduzu göylərindən axıb keçdi, bayrağım.

Yetmiş ildə yağıların əyib bükdü belini,
O əzablı hekayətin yandırdıqca elini,
Bağladılar min bir yerdən qıfıl ilə dilini…
Haqq, ədalət döyülsə də bükülmədi, bayrağım,
Millət qanı nahaq yerə tökülmədi, bayrağım.

Ey üç rəngli ay-ulduzum, məhbus eldə doğuldun,
Fitnələrlə, fitvalarla qara əldə boğuldun,
Fəzilətdən, həqiqətdən, istiqlaldan yoğruldun,
Parla şərəf dünyasında al günəş tək, bayrağım,
Dol, bu təşnə ürəklərə bir atəş tək, bayrağım.

Haqsızlığı dolu təki döydün qəfil gəlişlə,
Lənətlədin məhbusluğu bu üsyankar gedişlə,
Yıxıb-sökdün əsarəti sən mərdanə gərdişlə,
Od yurduna Tanrı oldun şövqün ilə, bayrağım,
Ən şiş zirvə yuvan olsun fövqün ilə, bayrağım!

Məmməd Əmin səmasında doğan parlaq planet,
Sən dalğalan nəhr kimi yetmiş illik kama yet,
Aç azadlıq qapısını məmləkətə əlac et,
Gəl, bu dərdli yurdumuzda yıx qəfəsi, bayrağım,
Qoy hayqırsın şimşək təki haqqın səsi, bayrağım.

Yasaq oldun yağı əllə doğulandan dünyada,
Başın üstə kölgələndi yer titrədən qan-qada,
Tanrıdamı gücsüz oldu yetişmədi fəryada?
Sən idrakın bəxş etdiyi mükafatsan, bayrağım,
Sinələrdə üsyan edən hekayətsən, bayrağım.

Tapdalandı yurdun haqqı, millət qalxdı savaşa,
Xəyanətkar əllər ilə oxun dəysə də daşa,
Gec də olsa gəl qovuşdur sən qardaşı qardaşa,
Gəl şəhidlər eşqinə dur, yıx sədləri, bayrağım,
Torpağımı parçalayan sərhədləri, bayrağım.

Aç qapısın istiqlalın, alsın nəhri əlinə,
Bir səadət bəxş eləsin Şadimanın elinə,
O tamarzı əllər yetsin həmişəlik əlinə,
Çıx qəhrəman-savaşlardan pələng təki bayrağım,
Boynumuza həmayil ol çələng təki, bayrağım.

30.10.1990
Şirinxanım Kərimbəyli Şadiman