Вы просматриваете: Главная > Şeirlər > LAZIM GƏLİB ÇIXMAYIR

LAZIM GƏLİB ÇIXMAYIR

 
Gözlərimiz dikilibdi yoluna,
Can yandırmır heç millətin halına,
Şələləyib ümidmizi dalına,
Üz döndərib bizə tərəf baxmayır.
Gözləyirik lazım gəlib çıxmayır.
 
İşğal altda yurdlarımız dağılır,
İçimizdə qisas hissi boğulur,
Təslimçilik qanımızda doğulur,
Səsləyirik gəlib bizi yolxmayır,
Gözləyirik lazım gəlib çıxmayır.
 
Bu lazımın ürəyinə ox batsın,
Yatıbsa da yuxudan ah oyatsın,
Çağırırıq dadımıza qoy çatsın,
Könlümüzdən qorxu hissin yıxmayır,
Gözləyirik lazım gəlib çıxmayır.
 
O da bizə niyə belə kəc baxır?!
Məktubumuz çatıb ona gec baxır,
Bəlkə o da dərdimizə bic baxır,
Fəryadımız ərşə çıxıb qorxmayır,
Gözləyirik lazım gəlib çıxmayır.
 
Yəqin bizdən üz döndərib niyə bəs?!
Sözüm çata nişangaha dəyə bəs,
Boy-buxunun dilim necə öyə bəs?!
Od tuturuq atəş onu yaxmayır,
Gözləyirik lazım gəlib çıxmayır.
 
Qəm saraldıb gözümüzün kökünü,
Unutmuşuq özümüzün kökünü,
Cana yovuq bildik qorxu-hürkünü,
Su axdığı yerdən daha axmayır,
Gözləyirik lazım gəlib çıxmayır.
Dünya əhli, siz lazımı görsəniz,
Vicdan atın ona tərəf sürsəniz,
Süfrənizi onla birgə sərsəniz,
Sorun ondan, niyə bizə baxmayır?!
Gözləyirik lazım gəlib çıxmayır.
 
Şadimanın haqq düşməyir dilindən,
Haray qopur könlünün hər telindən,
Soraq verin nolar lazım elindən,
Deyin ona söz qılınctək çaxmayır,
Gözləyirik lazım gəlib çıxmayır.
Gözləyirik lazım gəlib çıxmayır…
 09.10.2019