Вы просматриваете: Главная > Şeirlər > AĞILLI OLMAQDAN YORULDUM, ALLAH

AĞILLI OLMAQDAN YORULDUM, ALLAH

 

Hamının dərdini qəlbimə tökdüm,

Könül sarayını min yerdən sökdüm,

Əzaba qul olub önündə çökdüm,

Zənn etdim bulaqtək duruldum, Allah.

Ağıllı olmaqdan yoruldum, Allah.

 

Asıldı ürəkdən hər gün qəm yükü,

Kipriyim bəbəkdən çəkdi nəm yükü,

Dağlardan ağırmış bu aləm yükü,

Yolunda təntiyib, darıldım, Allah,

Ağıllı olmaqdan yoruldum, Allah.

 

Dərd də məni sevən sevgili yarmış,

Onun da canıma vəfası varmış,

Damağında qəlbim dadlı nübarmış,

Dilinə bal kimi soruldum Allah,

Ağıllı olmaqdan yoruldum, Allah.

 

Getdikcə dərinə acım çoxaldı,

Başımın üstünü ələm çox aldı,

Hamıya uşaqtək könlüm yuxaldı,

Hamını qəlbinə vuruldum, Allah,

Ağıllı olmaqdan yoruldum, Allah.

 

Bilmədim çoxunun içində şeytan,

Fitnəyə, fəsada hər gün dəm tutan,

Ara qarışıdırıb, aləmi qatan,

Yağlı dillərinə sarıldım, Allah,

Ağıllı olmaqdan yoruldum, Allah.

 

Sevdim ömürləri, sevdim dilləri,

Xərclədim boş yerə ötən illəri,

Çevrildi yağıma pis əməlləri,

Düşüb büllur təki qırıldım, Allah,

Ağıllı olmaqdan yoruldum, Allah.

 

İçləri iblisdi, üzləri mələk,

Adamdan baş tapa bilməyir fələk,

Daha əldən düşüb, yorulub ürək,

Yaxşı ki, çoxundan qırıldım, Allah…

Ağıllı olmaqdan yoruldum, Allah.

 

Şadiman, diqqət et, gün güdür məni,

Yaşımı xərcləyir böyüdür məni,

Vaxtın dəyirmanı üyüdür məni,

Bəsdir ona-buna quruldum, Allah,

Ağıllı olmaqdan yoruldum, Allah.

Ağıllı olmaqdan yoruldum, Allah.

26.09.2019