Вы просматриваете: Главная > Şeirlər > YUXUMA GƏLMİŞDİ VƏTƏN BU GECƏ  

YUXUMA GƏLMİŞDİ VƏTƏN BU GECƏ  

 

Göyündə buludlar, üzü pərişan,

Verirdi kədərdən baxışı nişan,

Deyirdi, de, nədi ucuz şöhrət-şan?!

Gözündən göz yaşı axırdı necə,

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Yaman qarğıyırdı atəşkəsi də,

Boğulub çıxmırdı batan səsi də,

Gedib gəlməyirdi heç nəfəsi də,

Qısılıb qalmışdı qəribtək küncə,

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Deyirdi atəşkəs mənim yağımdı,

Şəhid məzarları sinə dağımdı,

Kimlər ki, zənn edir xoş növrağımdı,

Yatan ağılların qoyublar dincə,

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Qurumuş ağactək budanmışdı o,

Düşmənə uduzub aldanmışdı o,

Qarşımda sualtək dayanmışdı o,

Bu uyğu izləyər məni ölüncə…

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Şəhid məzarına qoyurdu başın,

Tökürdü qəbirə acı göz yaşın,

Tutmuşdu laylaya öz vətəndaşın,

Sanmayın göy dələn harayı becə,

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Deyirdi uymayın yalan vədlərə,

Torpağı pay etmin siz namərdlərə,

Əyilmin təslimdən doğan dərdlərə,

Mən sizə yuvayam, saymayın heçə,

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

İlahi, Vətənin dili olarmış,

İnsantək gözləri yaşla dolarmış,

Vətəntək dünyada bir canlı varmış…

Dərdini xalıtək toxurdu incə,

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Qarabağ deyərək bağırırdı o,

Tanrını haraya çağırırdı o,

Torpağı gurşadla yoğururdu o,

Boyu oxşayırdı bir yetkin gəncə…

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Deyirdi igidlər yağı vurmayır?!

O İrəvan xanı yatıb durmayır?!

Əskərim düşmənin yasın qurmayır,

Qananlar sualdan sualı seçə,

Yuxuma gəlmişdi Vətən bu gecə.

 

Mən heyrət içində susub baxırdım,

Canımı boğazdan asıb baxırdım,

Yaşanan ömrümə küsüb baxırdım,

Demin Şadimana röya boş keçə…

Yuxuma gəlmişdi Vətən bu gecə.

Yuxuma gəlmişdi Vətən bu gecə.

23.09.2019