Вы просматриваете: Главная > Şeirlər > BİZ NİYƏ TƏSLİMÇİ OLDUQ

BİZ NİYƏ TƏSLİMÇİ OLDUQ

Qarabağ ah deyir, Vətən oylanır,
Naxçıvan uzaqdan dərdlə boylanır,
Qüzeyli-Güneyli yurdlar vaylanır,
Dərdi dəyər bilib aldıq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Söz oynu edirik işğalçılarla,
Təslimə gedirik işğalçılarla,
Bağrımız yüklənir bu acılarla,
Bir-birin ilantək çaldıq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Qaçqinlar yerləşir daş qutulara,
Enir təslim olan baş qutulara,
Yurdunu dəyişir çaş qutulara,
Necə şər əlində qaldıq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Düşməndən imdadmı gözləyirik biz?!
İçimiz od tutur, kozləyirik biz,
Ancaq bir-birini bizləyirik biz,
Qolumuza qandal saldıq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Gedib yurd-yuvalar, dəyişir zaman,
Bizə qalan elə kədər, ah, aman,
Savaşa bəs nə vaxt verilər fərman???
Bəsdir, saçımızı yolduq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Yurdlar əldən gedib, keflər kökəlir,
Xalqı soyanların cibi yekəlir,
Yağı şirniklənir, təbi yekəlir,
Elə bulud təki dolduq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

İşğal uzandıqca unuduruq biz,
Əsirlər ah yeyir, qan uduruq biz,
İlləri ötürüb, an uduruq biz,
Qırıldıq, çatıldıq, solduq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Göydə nalə çəkir şəhid ruhları,
Ötürdük boşuna biz sabahları,
Yığdıq üstümüzə çox günahları,
Dərdi içimizə aldıq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Niyə şadlanırıq, niyə gülürük?
Millətdən qoparıb sərvət bölürük,
Yaman-yaxşı onsuz bir gün ölürük…
Bəs nədən bu günə qaldıq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Varsansa, sən bizi düz yola qaytar,
Yoxsa yurd-yuvamız tamamən batar,
Qarabağ yüklənən- yol gedir qatar…
Bu necə xəyaldı daldıq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi?!

Şadiman bu dərdi ah ilə yazır,
Deməyin kafirdi, yolunu azır,
Düşmən bizə dərin bir quyu qazır,
Bəlkə haqqın yolun bulduq, İlahi,
Biz niyə təslimçi olduq, İlahi.
Biz niyə təslimçi olduq, İlahi?!
10.09.2019