Вы просматриваете: Главная > Şeirlər >    BU CAHANDA

   BU CAHANDA

          

 
Allah, nə qədər üzləri gördüm bu cahanda,
Ahla dolu gündüzləri gördüm bu cahanda.
 
Oldum necə də ömrə düşən günlərə aşiq,
Qəlbi oxudan gözləri gördüm bu cahanda.
 
Aləmləri candan keçirib könlə buraxdım,
Göydə yetişən izləri gördüm bu cahanda.
 
Haqqa ağ olub, şərə edən ömrünü qurban,
Haqqa bükülən dizləri gördüm bu cahanda.
 
Savaşa hərislər çoxalıb tutdu kürrəni,
Qanla suvanan düzləri gördüm bu cahanda.
 
Çox cəhd elədim günlərimi şadimanlığa,
Canla üzülən sözləri gördüm bu cahanda.
 
Saldı qınağa Şadimanı söz unudanlar,
Sözdən yayılan közləri gördüm bu cahanda!
07.09.2019