Вы просматриваете: Главная > Şeirlər > BİR İGİD TAPŞIRDI VƏTƏN MƏZARA

BİR İGİD TAPŞIRDI VƏTƏN MƏZARA

 

“MİQ-29 təyyarəsinin pilotu, şəhid
polkovnik-leytenant
Rəşad Atakişiyevin ruhuna ithaf

Bir igid tapşırdı Vətən məzara,
Ruhunu Yaradan çəkdi göylərə.
Görüm ölüm düşsün özü azara,
Buludlar göz yaşın əkdi göylərə.

Tabut şahid oldu insan selinə,
Tutuldu məzarı gül yağışına.
Ananın yurd saldı ağı dilinə,
Axdı gürşad dolu sel baxışına.

İki körpə oğul atasız qaldı,
Atalı günləri xəyala döndü.
Göylər şahin oğlu yerlərdən aldı,
Etdiyi dəhşətə sanki öyündü.

O gecə Xəzər də hıçqırdı bəmdə,
Dalğalar Rəşada İgid vay dedi!
O gecə hönkürdü dərdə aləm də,
Tanrıya üz tutub, ay haray dedi!

İgid ər itirdi, xanım qızımız,
Könülün könlünə sığmadı kədər.
İnlədi matəmə kaman, sazımız,
Qoşunun içinə yığmadı kədər.

Hərbə həyatını həsr edən igid,
Vətən səmasında nağıla döndü.
Ər təki böyüyüb yol gedən igid,
Bütöv Vətən üçün oğula döndü!

Ruhuna baş əyir Vətən insanı,
Səni ürəklərə köçürtdü ölüm!
Tökür gözlərimiz kədər leysanı,
Bizlərə çox acı içirtdi ölüm…

Yurdun şahin oğlu, ruhun şad olsun,
Düşdüyün qəzaya ağlayır Vətən.
Görüm o gecənin gözü oyulsun,
Şərəfinə tarix bağlayır Vətən…!

Bu qara xəbərin özü müəmma,
Zülmət yol olarmı gecə quşlara?!
Hər sualın özü doğur min əmma…
Qarışır gözləri boğan yaşlara.

Yazdı Rəşad adın rəşadətini,
Hər kəs öz adına çəkər deyirlər.
Göy duydu şəhidlik ibadətini,
Ruhun asimanda səkər deyirlər!..

Şadiman, bağrından qopan fəryadın,
Gəzir söz içində, misra içində.
Qoy haqqa yetişsin daim imdadın,
Dilin dolaşmasın niyə, neçində?!…

26.08.2019