Вы просматриваете: Главная > Şeirlər > MƏNƏ BİR TƏSƏLLİ VER

MƏNƏ BİR TƏSƏLLİ VER

Mənə bir təsəlli ver,

Ayağımın altında qəfil titrəməsin yer.

Ürəyimin içində yansın ümid şamları,

Nurlara qərq eyləsin gündüzü, axşamları.

Dərdimi yelə versin,

Könlümdəki nəğməni sızlayan telə versin.

Qəmin sinəsin gərsin,

Yollarıma ağrımın payız xəzəlin sərsin.

İçimdəki fırtına az da olsa səngisin,

Qulağımdan sozaltsın əzabların cəngisin…

 

Mənə bir təsəlli ver,

Görürsən ki getməyə nə yerim, nə yuvam var,

Fəqət dodaqlarımdan əngin göylərə sarı

bir qopacaq duam var…

Eşitdinmi, İlahi, harayımı bilmirəm,

Canımla bir məxrəcə doğulandan gəlmirəm.

Kainatın bağrından qopub düşdüyüm yerə

qayıtmaq istəyirəm,

Ruhum canımda yatıb ayıltmaq istəyirəm,

Dözə bilmədiyimçin tək sənə üz tutmuşam,

İlahi, dərgahına misradan söz tutmuşam,

Qapını aç gəlim mən,

Qəlbi dilim-dilim mən,

Al canımı olum mən…

 

Mənə bir təsəlli ver,

Qan qoxuyan dünyanın harasında qalım mən?!
De nə qədər könlümü ah, fəryada salım mən?!

Gecənə, gündüzünə qurban olum, İlahi,

Qanadlanıb gəlirəm, kainata sal məni,

Bu dünyadan al məni…

Yerlər ikibaşlıdır,

Haqqın gözü yaşlıdır!

Könlümün sızıltısı əridir diləyimi,

Gəzdirə bilməyirəm mən daha ürəyimi…

Dərdim sənə əyandır,

Zülmət çöküb qəlbimə,

İçimdə çıraq yandır…

Bədəndə gəzdirdiyim sənin verdiyin candır!

Onu qul etmədim mən,

Ayaqlara endirib çirkli pul etmədim mən…

Dünya çətin düsturdu, hesabın de, həlli ver,

Mənə bir təsəlli ver…

Mənə bir təsəlli ver…

28.05.2019