Вы просматриваете: Главная > Şeirlər > QƏLBİNİ BULAŞDIRMISAN

QƏLBİNİ BULAŞDIRMISAN

Qəlbini tozlara bulaşdırmısan,
Qoruya bilmirsən ürək neyləsin?!
İçinə ağrılar suvaşdırmısan,
Ağrını bəsləyən kələk neyləsin?!
 
Əzabı çəkirsən özünə sarı,
Zamanı doyduran ömürün darı,
Dünyanın əlində dünyanın varı,
Tamaha güc verən dilək neyləsin?!
 
Yıxıb sürüyürsən sözünü hər gün,
Nahaq sovurursan közünü hər gün,
Dayan, güzgüdə gör özünü hər gün,
Ömrünü ələyən ələk neyləsin?!
 
Hər gülə eşq edən kəpənək olma,
Əllərə keçəcək dəyənək olma,
Dəryayla çarpışan siyənək olma,
Qapıb daşa çırpan külək neyləsin?!
 
Sözünə yiyə çıx, özünə ağa,
Çalış həyatına halal gün doğa,
Qocalan vaxtında gedəndə yorğa,
Dilində qopacaq neylək neyləsin?!
 
Ağıl da insana pulla verilmir,
Bağçada bitməyir əllə dərilmir,
Xonçatək bəzənib önə sərilmir,
Başda olmayana fələk neyləsin?!
 
Şadiman sözünü söylədi kəsə,
Sağ ikən ruhunu salma qəfəsə,
Gələndə pis gözə, düşəndə nəsə,
Çiynindən boylanan mələk neyləsin?!
 
26.05.2019