Вы просматриваете: Главная > Şeirlər > APREL QARI

APREL QARI

 

Aprelin son on günündə,

Çiçəklərə ələnən qar.

Baharın toy-düyünündə,

Yamaclara bələnən qar.

 

Dağda-daşda ağ  örtüyün,

Sarınıb kol-kos üstünə.

Güllər üstə nə itiyin?

Şaxta durub yaz qəsdinə.

 

Xəzri ilə eşq edirsən,

Üşüdürsən gül-çiçəyi.

Al günəşlə məşq edirsən,

Bağlamısan ağ ləçəyi…

 

Ağ mirvari dənəsisən,

Günəşin sıx  kirpikində.

Buludun nar danəsisən,

Külək qaçır buz tərkində.

 

Gözəl bahar üşər axı,

Yorğanını götür qaç get.

Bağrına qəm düşər axı,

Gül-çiçəyin yolun aç get.

 

Geyinmisən ağ qumaşı,

Ulduz-ulduz süzülən qar.

Bürümüsən dağı, daşı,

Çiçəklərə düzülən qar.

 

Günəş çıxar əriyərsən,

Süzülərsən bulaqlara.

Buz kürkünlə yürüyərsən,

Qarışarsan irmaqlara.

 

Bağ-bağçanı üşüdürsən,

Yaşıl bahar tir-tir əsir.

Göydən bulud düşürdürsən,

Çöl-bayırda xəzri əsir.

 

Mən sevdana sarılmışam,

Bakıdan niyə qaçmısan?

Deyirsən ki, qarlı qışam,

Dağlarda süfrə açmısan.

 

Şadimanın könlün üzmə,

Çiçəkləri üşütmə qar.

Yağmaq üçün dağlar gəzmə,

Axı sənə həsrətim var…

 

20.04.2019