Вы просматриваете: Главная > Məqalələr >

 

Məhəmməd Əmin Rəsulzadə və

AZƏRBAYCAN CÜMHURİYYƏTİ

 

Ulu istiqlallımızn sönməyən ulduzu olan Ulu Öndər Məmməd Əmin Rəsulzadə haqqında fikirlərimi istiqlal fədaimizin öz sözləri ilə başlamaq istəyirəm.

“Böyük dünya müharibəsi böyük Rusiya inqilabını doğurdu. Böyük Rusiya inqilabı isə millət hüququnu bütün genişliyi ilə meydana atdı.

İnsanlara hüriyyət, millətlərə istiqlal!

Ah, Azərbaycan! Biz sənin haqqını  tələb etmək deyil, yalnız adını söyləmək üçün nə qədər məruzələrə rast gəldik, nə qədər töhmətlərə məruz qaldıq!

Azərbaycan muxtariyyəti diyorduq: soldan və sağdan hər növ hücuma məruz qalırdıq.

Biz, Azərbaycan torpaqlarını qızdıran atəşi-müqəddəsi köksümüzdə bəsləmək istiyoruz: bizə Moskvada yanacaq “məşəli” nişan veriyorlardı. Biz elmə, mədəniyyətə öz dilimizin, öz mədəniyyətimizin ruhu, rəngi ilə pərvərdə edilmiş bir millət çıxarmaq istiyoruz: bizə Ərəbistanı göstəriyorlardı.”

Bu sözlərin müəllifi Ulu Öndərimiz Məmməd Əmin Rəsulzadədir. Hansı ki, ömrü boyu həyatını Azərbaycan uğrunda fəda edən, Azərbaycan yolunda isti ocağından didərgin düşən, ailəsindən Vətənini üstün tutub Avropada Azərbaycan deyərək ömrü boyu fəğan edən Məmməd Əmin Rəsulzadə! Həyat yoldaşının, ata-anasının, qohum-əqrabasının, körpə balalarının ahu-fəryadı ürəyinə bıçaq kimi saplansa da Azərbaycan həqiqətlərini Dünyaya çatdırmaq üçün ömrünü qürbətlərdə keçirən Məmməd Əmin…

Cümhuriyyətimizin 100 illiyi ilə bağlı ürək sözlərimi qələmə almaq sevdasına düşdüm. Düzdür bu sevda, bu istək, bu sevgi mənə cümhuriyyət aşiqlərinə yazdığım şeirlərdə yer alıb, amma şeirin dili başqa, nəsrin dili bir başqa…çünki nəsirdə istədiklərini geniş şəkildə qələmə almaq imkanı yaranır, şeir ilhamdan doğar, nəsir ürəkdən…Etiraf edirəm ki, mən Məmməd Əmin Rəsulzadə aşiqiyəm…Bu Kişiyə heyrətlənməyə bilmirəm, bu kişini heç bir var-dövlət, sərvət, xarici ölkələrdə “indiki vətən aşiqləri “kimi cəh-calal, banklara doldurulan haram-halal pul-para, gözəl yayşayış özünə cəlb etməyib…Məmməd Əmin Rəsulzadə, tək fərdin, ailənin yox, Bütöv Azərbaycanın məcnunu, aşiqi idi…Bu aşiqlik onu hansı məhrumiyyətlərə düçar etmədi…Yurd-yuvasından oldu, balalarının üzünə ömürlük həsrət qaldı, balalarının, ailəsinin onun üzündən çəkdiyi sürgünlərin, güllənmələrin, basqıların qulaq şahidi oldu. Bu gün də Məmməd Əminin adı qısqanclıqla çəkilir, onun adı gələndə sükut yaranır, bu sükutun içindən Ulu Öndərin, Böyük Kişinin surəti boylanır, bir kimsə bunu inkar edə bilməz, çünki inkar etməyə haqq yox, taqət yox, söz yox…ədaləti nə qədər boğsalar da o özündə güc tapıb yenidən dirçəlməyə başlayır…

Məmməd Əmin Rəsulzadə kim idi…onun haqqında qısa arayış…

MƏHƏMMƏD ƏMİN HACI MOLLA ƏLƏKBƏR OĞLU RƏSULZADƏ – 1884-cü ilin yanvarın 31-də Bakının Novxanı kəndində dindar ailədə dünyaya göz açmışdır. İlk təhsilini maarifpərvər ziyalılarımızdan Sultan Məcid Qənizadənin ilk dəfə əsasını qoyduğu və müdirlik etdiyi 2-ci “Müsəlmani və rusi” məktəbində almışdı. Şeir və məqalələri ilə o dövrün tanınmış qəzet və jurnallarından “İrşad”, “Tərəqqi”, “Füyuzat” və s. mətbuat orqanlarında fəal çıxış edirdi. Gənc yaşlarından inqilabi hərəkata qoşulmuş, Səttarxanın rəhbərliyi ilə İran monarxiyasını silkələyən milli-azadlıq mübarizəsinə rəğbət bəsləmiş, bu hərəkatın fədailəri ilə görüşmüşdür. O, 1910-cu ildə İran Demokratik partiyasının özülünü qoyanlardan biridir. 1911-ci ilin oktyabrında Bakıda Tağı Nağı oğlu, Məhəmməd Əli Rəsulzadə və Abbas Kazımzadənin yaratdığı “Türk ədəmi-mərkəziyyət Müsavat” firqəsinin tezliklə üzvü olur və onun liderlərindən birinə çevrilir. M.Ə.Rəsulzadə 1917-ci ilin oktyabrında Müsavatın Bakıda keçirilən 1-ci qurultayında partiya MK-nın sədri seçilir. Ondan əvvəl isə Rusiya Dövlət Dumasının deputatı vəsiqəsini daşıyırdı.

Onun haqqında “Azərbaycan” qəzetinin 1918-ci il tarixli 35-ci nömrəsində belə yazılırdı: “Sevgili mühərririmiz, istəkli natiqimiz, millət yolunda canını nisar edən cəmaət xadimimiz Rasulzadə Məhəmməd Əmin cənabları 3 gündür şəhərimizə varid olmuşdur. Azərbaycan imarətinin binasını qoyan, bu uğurda qeyrətli həyatını təhlükəyə atmış olan Məhəmməd Əmin əfəndi biz Azərbaycan türkləri üçün işıqlı bir yıldız rolu oynayaraq, istiqlali-milli yolunun Nikolay və Protonov dövrünün zülm gecələrində belə millət müsafirlərinə yol göstərməsi, rəhbərlik etməsilə Vətənimizə böyük bir xidmət göstərmişdir. Hələ növcavan ikən 1905 inqilabından sonra meydani-siyasət və ictimaiyə atılaraq, o vaxt yenicə təsisə başlayan milli-siyasi təşkilatımızda mühüm mövqelər tutduqdan sonra irtica dövrünün hülulilə rus qaragüruhunun qəzəbinə giriftar olub, İrana qaçmış və orada dəxi müsəlmanların mənafeini canından əziz tutaraq, İran inqilabçıları ilə əl-ələ verərək bir tərəfdən “İrani-nou” qəzetəsi nəşrilə millətin fədailər zümrəsində Məhəmməd Əli şahın yaxıcı, yıxıcı keyf maişası müqabilinə mübarizə etmişdir… Bakının Rusiyayamı, Azərbaycanamı məxsus olması məsələsində Məhəmməd Əmin Əfəndi tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxmış və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto vermişdi.

20 yaşından bu günədək 31 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir”.

1918-ci ilin 28 mayında qurulan Azərbaycan xalq cümhuriyyəti 1920-ci ilin aprelin 27-də axşam saat 11-də Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanın fövqəladə iclasında səs çoxluğu ilə 7 bəndlik qərar əsasında hakimiyyət dinc yolla kommunistlərə təhvil verildi. Az sonra repressiyalar başladı, M.Ə.Rəsulzadə də gizlənməyə məcbur oldu. Lakin o, tezliklə həbsə alınmış, yalnız V.İ.Stalinin bu işə müdaxiləsindən sonra azad edilmişdir. Bir müddət Moskvada işləsə də, 1922-ci ildən Məhəmməd Əmin bəyin taleyinin mühacirət dövrü başlayır. Türkiyədə və Almaniyada yaşadığı illərdə “Əsrimizin Səyavuşu”, “İstiqlal məfkurəsi və gənclik”, “Çağdaş Azərbaycan ədəbiyyatı”, “Çağdaş Azərbaycan tarixi” və s. əsərlərini yazmışdır.

Rəsulzadə ömrünün sonlarına yaxın, 1951-ci il 26 avqust1952-ci il 28 may, 1953-cü il 28 may olmaqla Azərbaycan xalqına 3 dəfə müraciət etmişdir: Mən bu müraciətləri qısaldılmış şəkildə dəyərli oxucuların diqqətinə yetirmək istəyirəm.

26 avqust 1951

“Mən Məhəmməd Əmin Rəsulzadə “Amerkanın Səsi” radiosundan danışıram. Həsrətini çəkdiyimiz əziz Vətəninə xitab edə bilmək üçün buna mütəşəkkirəm. Bu radio Birləşik Amerika Dövlətlərinin parlaq tarixini yaradan demokrasi fikirlərini yayır. Bu fikirlər başlıca 2 əsasa dayanır: İnsanlara azadlıq, millətlərə istiqlal!

“Bundan 33 il əvvəl Birinci Dünya hərbinin sonunda çarlıq rejimi çöktü; Vətənimizi istila və istibdadı altında tutan Rusiya İmperatorluğu dağıldı. Azərbaycanlılar illərdən bəri gözlədikləri fürsəti ələ keçirdilər:milli və müstəqil bir Cümhuriyyət qurdular…

Demokratiyanın bu yüksəs əsaslarını həyata keçirmək üçü qurulan milli hökümət iki il yaşadı. Tariximizin ən şanlı dövrünü təşkil edən bu qısa müddətdə hərbdən və hərc-mərcdən çıxan yurdumuzda əmniyyət və asayiş bərpa edildi. Lazım olan zabit və ədalət müəssisələri qurtuldu. Sosial reformlara girişildi. Milli maarifə əhəmiyyət verildi. Mədəniyyət dünyası ilə təmasa gəlindi. Qonşularla yaxşı münasibətlər təsis olundu. Nəticədə Böyük Avropa dövlətləri və Birləşik Amerika tərəfindən Cümhuriyyətimizin istiqlalı tanındı; Lenin və Stalinin imzaları ilə müsəlman millətlərinə sözdə hürriyyət və istiqlal vəd edən bolşeviklər işdə türk və müsəlman dünyasında qurulan ilk cümhuriyyəti Qızıl Ordunun üstün qüvvələri ilə zorladılar. Xalqımız təcavüzə qarşı var qüvvəti ilə savaşdı; fəqət, heyhat məğlub oldu. Nəticədə milli ordunu dağıtdılar, milli ziyalıları kəsdilər, milli sərvəti yağma edərək Moskvaya götürdülər. Bir sözlə məmləkəti sovetləşdirdilər.

Tarixin ən qəddar bir istibdadını quran bolşeviklər sovet rejiminə utanmadan demokratiya deyirlər.Sovetlərlə həqiqi demokratiya arasında yerdən göyə qədər fərq vardır,vətəndaşlar!

Əziz Azərbaycanlılar! Bütün dünyadan əlaqəniz kəsilmiş və təklənmişsiniz. Ətrafınızda sizi xarici aləmdən ayıran dəmir bir pərdə vardır. Başınız min bir bəla və fəlakətlər içindədir. Bu bəlalı və fəlakətli yaşayışı bolşevik propaqandaçıları sizə ideal bir həyat kimi qələmə verirlər. Sovetlər xaricində qalan dünyadakı həyatı fəlakətdən və səfalətdən ibarət bir həyat kimi təsvir edirlər. İnanmayınız qardaşlar! Dünyada asudə yaşayan, qorxu bilməyən azad insanlar, azad millətlər və müstəqil dövlətlər vardır. Bu millətlərin yaşadıqları məmləkətlərdə insanın nə fikrinə, nə vicdanına, nə də imanına təsəllüd edən yoxdur. Azad insanların birliyindən ibarət olan müstəqil millətlər öz-özlərini idarə edirlər.

Azadlıq və milli istiqlal prinsiplərini bundan 175 il əvvəl Amerika, 33 il əvvəl də Azərbaycan bəyannaməsi elan etmişdilər. Bütün dünyanın səadəti kimi Azərbaycanın xilası da bu əsasların tamamilə gərçəkləşməsinə bağlıdır.Təkrar edirəm – İnsanlara azadlıq, Millətlərə istiqlal!” 

28 may 1952

“Əziz vətəndaşlar! Bu gün sizə Azərbaycan tarixinin ən böyük günü münasibəti ilə xitab edirəm.34 il əvvəl bu gün Azərbaycan Milli Şurası Azərbaycan Cümhuriyyətini qurdu və istiqlalı bütün dünyaya bildirdi.Bu böyük hadisə ilə biz 100 il sürən çar əsirliyindən qurtulduq.Azərbaycan milləti bu gündən etibarən dünya dövlətləri arasında müstəqil bir mövqe tutmağa əzm etdi.

Azərbaycanın 19-cu əsrin başlarında Rusiya çarlığına qarşı göstərdiyi mübarizə həyəcanlı səhnələrlə doludur.Cavad xanın rus işğalçılarına qarşı “ölmək var,dönmək yoxdur” deyərək şəhid olması Azərbaycan mərdliyinin bir nümunəsidir.

Tarixin hər dövründə iləri fikirləri mənimsəyən Azərbaycan xalqı əsrimizin hakim ideologiyasına uyaraq qurduğu müstəqil dövlətə cümhuriyyət şəklini verdi.Türk və müsəlman dünyasının birinci cümhuriyyəti Milli Şura tərəfindən nəşr olunan istiqlal bəyannaməsindəki əsas prinsiplər üzərində quruldu.Bu prinsiplərə görə:
1-Azərbaycan xalqı hakimiyət haqqına malik, Azərbaycan da tam hüquqlu bir dövlətdir
2-Müstəqil Azərbaycan dövlətinin idarə şəkli xalq cümhuriyətidir.
3-Azərbaycan Xalq Cümhuriyəti bütün millətlər, xüsusəndə qonşulu millət və dövlətlərlə yaxşı münasibətlər qurmaqdadır.
4-Azərbaycan Xalq Cümhuriyəti millət, məzhəb, sinfi və cinsi fərqi gözləmədən hüdudları içində yaşayan bütün vətəndaşlarına siyasi və mədəni hüquqları təmin edir.

28 may 1953

“Mədəniyyət tariximizin şanlı fikir adamları tərəfindən alqışlanan azadlıq və istiqlal fikri məmləkətimizdə yerləşib və bu, irəli dünya demokratiyası tərəfindən də təqdirlə qarşılanırdı. Yüz ildən bəri üstümüzə çökən istibdad və istila həyulatı artıq bizdən uzaqlaşırdı. Heyhat, qədərin imtanları tamam deyilmiş. Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu. Azadlıq və istiqlalımız qızıl istilaçıların qanlı ayaqları altında əzildi. Müqavimət edən məmləkətdə qan gövdəyə çıxdı.

Bundan bir ay əvvəl 28 apreldə sovet propaqandçıları bu fahiş istila hadisəsini sizə bir azadlıq və istiqlal hadisəsi kimi göstərdilər. Sözdə sizə dünyanın ən azad və ən demokrat bir rejimi kimi qələmə verilən sovet quruluşu işdə ən qəddar və ən yalançı bir istibdad rejimidir. Müqayisə etmək imkanında olsaydınız, bunun nə dərəcədə doğru olduğunu gözünüzlə görərdiniz. Azadlığınızı əlinizdən alanlar qorxmurlarsa, dəmir pərdəni qaldırsınlar, azadlıq elan etsinlər. Edə bilməzlər, çünki ağla qara meydana çıxar. Onlar şəbbərə kimidirlər, günəşdən qaçarlar.

Azərbaycan və onunla bərabər bütün Qafqasiya cumhuriyyətləri həqiqi azadlıq və istiqlallarına 1918-in mayısında qovuşdular. 1920-də isə bu azadlıq və istiqlal qızıl rus ordusu tərəfindən üstün qüvvətlərlə qanla və atəşlə basırıldı. Faciələr və qəhrəmanlarla dolu olan mücadilədə on minlərlə vətəndaş şəhid oldu. 1920 istilasına qarşı 1918 istiqlal haqqını müdafiə edən Qafqasiya millətləri indi 33 ildir ki müxtəlif vasitələrlə mücadilə edirlər. Zaman-zaman dramatik şəkillər alınan bu mücadilədə vaxtılə yalançı kommunist şüarlarına aldanan yol azmış bəzi vətəndaşlar belə bu gün həqiqi millətçilər və vətənpərəstlər cəbhəsinə keçmişlərdir.

 

Yabançı istilaçı üzərinə əcnəbi məmləkətlərə sığınmış olan Qafqasiya emiqrantları milli istiqlal davasını mədəni dünya əfkari-ümumiyyətinə anlatmaqdadırlar. Bu vəzifəni ifada nə kimi müşküllərə uğradığımızdan burada bəhs etmənin yeri deyildir. Bu qədər demək lazımdır ki, sovetlərdə, kommunist rejiminə düşən millətlərin hər cürə haqq və hüquqdan məhrum qullardan ibarət cəmiyyətlər halına gəldiyini azad dünyaya anlatmaq çox kolay olmamışdır. Şükür ki hadisələr bizə kömək edir. Dünya sovet həqitətini görməyə başlayıb. Səkkiz ildən bəri hərbi bitirmiş ikən sülhə qovuşa bilməyən dünya artıq məsələni anlayır. Bilir ki, azadlıq və insan haqlarını inkar edən kommunistlər müəzzəm bir dövlət halında ayaqda durduqca və dünya inqilab atəşi ilə yandırmaq üçün kibrit çəkdikcə yer üzündə heç zaman sülh və asayiş qurula bilməyəcəkdir. Azadlıq cahanşümul bir fikirdir. Bir tək əsir insan, bir tək əsir millət vaqii qaldıqca dünya həqiqi azadlıq və əmniyyət üzü görə bilməz.

1918 mayısındakı tarixi qərarları ilə azadlıq sevən birləşmiş millətlər cəbhəsində yer alan Qafqasiya millətlərinin müqəddəratları azad millətlərin müqəddəratları ilə bağlanmışdır. Rusiyadan ayrılmanın bir irtica, başqalarından ayrılmanınsa bir inqilab olduğunu söyləyən sovet diktatoru Stalin ölmüşdür. Amma onun ikiüzlü sistemi-stalinizm hələ ayaqdadır. Bu sistem gün keçdikdə dünya həqiqətləri ilə daha çox qarşılaşmaqda, haqqla batil, yalanla doğru üz-üzə gəlməkdədir. Şübhəsizdir ki, bir gün həqiqət parıldayacaq. Azadlıq əsasını, birləşmiş millətlər prinsipini və insan haqlarını tutan tərəf qalib gələcəkdir. Bu qalibiyyət günəşi qızıl istibdad zülmü altında inliyən əziz vətənimizdə 1918 28 mayıs kimi yenidən doğacaqdır. Buna qətiyyən şübhə etməyin əziz vətəndaşlar.

Üçrəngli istiqlal bayrağını döşlərində gəzdirən buradakı vətən ayrısı bizlərdən, orada hər cürə qorxu və təzyiq altında qəlbləri istiqlal eşqilə çırpınan azadlıq ayrısı sizlərə candan salamlar göndərir, 28 mayıs istiqlal qurbanlarının əziz ruhları hüzurunda hörmətlə əyilir və hər iki tərəfi birləşdirən milli böyük həsrəti şairin beytilə dilə gətirirəm: Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Ankara Universitetinin tibb fakültəsinin klinikasında şəkər xəstəliyindən yatan Məhəmməd Əmin 1955-ci il martın 6-da gecə saat on birə on dəqiqə qalmış üç dəfə “Azərbaycan, Azərbaycan, Azərbaycan!” deyərək əbədiyyətə qovuşdu. Ankara radiosu martın 7-sində saat 22:45-də sabiq Azərbaycan milli şürasının sədri M.Ə.Rəsulzadənin vəfat etdiyi xəbərini təəssüflə bütün dünyaya yaydı. Martın 8-də Ankaranın Hacı Bayram məscidində M.Ə.Rəsulzadənin dostları onun tabutu başında fəxri qarovulda dayandılar.

Bakı Dövlət Universitetinin yaranması da M.Ə.Rəsulzadənin adı ilə bağlıdır. Bu məsələ ətrafında o, bir neçə dəfə Azərbaycan Parlamentində çıxış etmiş və universitetin açılmasını qəti tələb etmişdir. Universitetin ilk rektoru olmuş professor V.İ.Razumovski 1922-ci ildə çap etdirdiyi “Bakı şəhərində universitetin əsasının qoyulması” adlı xatirə oçerkində yazır:

“M.Ə.Rəsulzadənin sayəsində, onun gücü, maarifçilik köməyi ilə “Müsavat” partiyasında universitetin açıq və gizli düşmənləri partiyanın qərarına tabe olmağa məcbur olmuşlar. Biz öz tərəfimizdə artıq iki partiyaya malik idik. “Müsavat” və sosialistlər, bu da parlamentdə çoxluğu təmin edirdi”1920-ci ilin mart ayında Bakıda rus dilində çapdan çıxmış, “1920-ci il üçün Azərbaycan respublikasının təqvim-ünvanında” qeyd edilib ki, M.Ə.Rəsulzadə BDU-nun Tarixi-filologiya fakültəsində “Osmanlı ədəbiyyatı tarixindən” dərs demişdir.

O, burjua xadimi kimi onu suçlamağa çalışanlara cavab olaraq yazırdı ki, “Mən kasıbçılığın üzündən ali təhsil də ala bilməmişəm, öz pulu ilə Rusiyada və Qərbi avropada təhsil alıb və bu gün özünü bolşevik kimi qələmə verən sizləri nə adlandırmaq olar”?

Azərbaycanlı dövlət və ictimai xadimi, siyasətçi və publisist, Azərbaycan Xalq Cümhuriyyətinin (19181920) banilərindən və Azərbaycan siyasi mühacirətinin liderlərindən biri Məmməd Əmin Rəsulzadə Azərbaycan tarixinin ən görkəmli və böyük şəxsiyyətlərindən olub, Azərbaycan milli istiqlal hərəkatına başçılıq etmişdir. Onun “Bir kərə yüksələn bayraq, bir daha enməz!” ifadəsi XX əsrdə Azərbaycanda müstəqillik hərəkatının şüarı olmuşdur.

Sonda özəl arzumu qeyd etmək istəyirəm. Mən özüm də illər öncə Bakı Dövlət Universitetini məzunu olmuşam. Bakı Dövlət Universitetinin memarı sayılan Ulu Öndər Məmməd Əmin Rəsulzadənin heykəlinin Unversitetin qarşısında ucalmasını görmək istəyirəm…ömrünü-gününü Vətənin müstəqilliyi uğrunda mübarizəyə həsir etmiş Bu böyük Kişiyə, Bu əbədiyaşar millət fədaisinə Allahdan rəhmət diləyirəm…qürur duyduqlarımıza ögey münasibət Allaha da xoş getməz…Məmməd Əmin Rəsulzadənin adı necə ki ürəyimizə həkk olub, Vətənimizin hər yerində görünməlidi…İstiqlalımızın 100 illiyi mübarək, böyük Azərbaycan, sənin bir birləşən, diriləşən, iriləşən və işğaldan tam azad olan günün görsəydim…

26.05.2018

Şirinxanım Kərimbəyli ŞADİMAN