Вы просматриваете: Главная > Məqalələr > DEDİKLƏRİM…

DEDİKLƏRİM…

 

Kimi pulun çoxluğundan başını itirib,

kimi yoxluğundan.

22.12.2016

Kiminin özü başına bəladı, kiminin sözü.

27.12. 2016

Fiziki korluq insanın özünə, mənəvi korluq

ətrafdakılara əzab verir…

**

Bəzi başlar boş qazana bənzəyir, döyəcləsən

səs gələr, amma içində heçnə olmaz…

25.01.2017

Əli əyri olanın qəlbi də əyriliklərlə dolu olur.

Harama qurşamağın kökündə də əliəyrilik durur…

**

Sənə layiq olduğun dəyəri vermirlərsə, o demək deyil ki,

sən dəyərsizsən, sadəcə sənə dəyər verəcək adamlar

sənin səviyyəndə deyillər…

**

Yaltaqlıqla zirvəyə yüksələ bilərsən,

ancaq o zirvə kənardan təpələr kimi görünər…

**

Həddindən artıq yaxşılıq kimlərinsə

sənə borclu olması deməkdir, borclu olanlar

sonradan düşməninə çevrilə bilər.

**

Elm savadlı olmağın açarıdır, insanlığın yox.

26.01.2017

Ümidi qırmaq insanı öldürməyə bərabərdir.

29.01.2017

Bədən ağrılarına bir təhər dözmək olar,

ağlın ağrısına dözmək olmur…

**

Vicdan hissi olmayanı vicdanlı olmağa

səsləmək boş qazanda xörək axtarmağa bənzəyir…

03.02.2017

Yaltaqlıq rəzalətdi,

Ona əyilən alətdi…

03.02.2017

Nifrətin min üzü var,

Həqiqətin bir üzü…

03.02.2017

Vətən sevgisi içdən gəlməlidir,

suçdan yox…

**

Haqqın tapdandığı yerdə haqqa ümid bağlamaq

özünü haqqın gününə salmaq deməkdir!

04.02.2017

Mənəvi zənginliyi olmayan adamın maddi

zənginliklə qürurlanması kənardan iyrənc görünür…

04.02.2017

Ağıla tapın,

Gəl şərdən sapın…

Qoy açıq olsun,

Xeyirə qapın…

**

Özünü tənhalığa düçar etmə, çünki təklik əzabı çəkilməzdir.

**

Başqasının arxasınca danışma, çünki sənin də arxasınca danışırlar…

**

Zibili qurdaladıqca içindən zibil çıxır…

06.02.2017

Həyat çətin imtahandı, çox vaxt adamın 2 aldığı vaxtlar olur. 2 alanda həvəsdən düşmək lazım deyil, növbəti həyat dərsinə yaxşı hazırlaşmaq lazımdı…

07.02.2017

Dərdə əyildikcə, dərd adamı əyir…

09.02.2017

Vicdan ağrısı bədən ağrılarından

daha çox əzabvericidi…

**

Həmişəlik gedənə qapı açmazlar…

**

Qanmaza vicdandan dəm vurmazlar…

**

Qanmazı qandırmaq, gücünü yandırmaq…

10.02.2017

Şair sözündən, sevən gözündən bəlli…

**

Sevginin günü olmur, sevgi ya insan

qəlbində var, ya da yoxdur…

13.02.2017

Mənəviyyat adamlarının üzü işıqlı olur,

şükür bu işıq sayəsində dünya zülmətdə deyil….

***

Ailə sirri çölə daşınan ev abad olmaz…

15.02.2017

Od tutub yanan dükan, bazar,

Məzlumları soyanları tutsun azar…

17.02.2017

Artan qiymətlər, evlərdən qaçaq düşən nemətlər…

19.02.2017

Düşmənlə silahla danışarlar, sən Allahla yox!!!.

**

Düşmənə havadar olan düşməndən

daha qorxuludur…

**

Düşmənin içi də, çölü də düşməndir,

bunun başqa isbatı yoxdur…

**

Düşmənə dərd çəkən olma, dərd çəkdirən ol…

**

Məğlubiyyətlə köləlik doğma qardaşdırlar…

27.02.2017

Vətən sevgisi elə bir hissdir ki, bütün sevgilərdən ucada gəlir, hara çıxıb getsən də, o da sənin içində səninlə bir yerdə gedəcək, ölənə qədər səni tərk etməyəcək! Çünki yeddi arxadan dönəninin ruhunun dolaşdığı məkandır, Vətən! Məzar-məzar bizi qoynuna alan …ölümüzün-dirimizin yuvasıdı Vətən! Ona işğal həqarətdi, onu düşmən tapdağından xilas etmək ibadətdi!

01.03.2017

**

Vəzifə kürsüsünə oturan elə hesab edir ki, hamıdan ağıllıdı və hamının adından danışa bilər…əsil faciə budur!

**

Mənəmmənəmlik təkcə insanın özünü yox, həm ətarfındakıları, həm də yaşadığı ölkəni uçruma yuvarlayır, ən dəhşətlisi isə belə adamın hansısa kürsüyə sahib çıxmasıdır!!!

**

İkiəlli yapışdığın kürsü sənin deyil, Xalqındı, xalq olmasa Vətən olmaz, Vətən olmasa sən də o yeri tutmazsan, bunun heç fərqindəmisən?!…

02.03.2017

Özünü hamıdan yuxarda görmək insan ağlının çoxluğundan xəbər vermir…

***

Etdiyin yaxşılığı yaxşılıq etdiyin adamın başında qapaza çevirmə…özün də möhtac olarsan…

***

Azərbaycanlı deyimi bu ölkədə yaşayan etnik kökündən asılı olmayaraq hər bir kəsə aiddir, heç bir ölkədə də, ancaq bir millət yaşaya bilməz, hər bir normal ölkənin gözəlliyi ondadır ki, orda milli rəngarənglik var, dil, din, adət-ənənə, lakin hər bir kəs bilir ki, o hansı millətə məxsusdur. Mənim yeddi arxadan dönənim Türkdi və Türk olmağımla da qürür duyuram. Azərbaycan deyilən ölkədə də türklər çoxluq təşkil edir, burda gizlədiləsi, inkar ediləsi nə var ki…

03.03.2017

Bəzən həyat adama zəhər dadı verir, ümumiyyətlə ömür çarpışmalardan və toqquşmalardan ibarətdir…

06.03.2017

Arsak və ya Arsax – Azərbaycan ərazisində türk tayfalarına məxsus qədim toponimdir. “Arsax” sözü qədim türk tayfası olan sakların adı ilə bağlıdır və “igid sak”, “ər sak”, “sak kişisi” mənalarını verir. E.ə. II əsrdən etibarən indiki Qarabağ ərazisi və ondan cənubda olan (Cənubi Azərbaycan) bəzi ərazilər Arsak adlanırdı. Qarabağ ərazinin adıdır, Arsak (Arsax) əcadadımız olan türk tayfasının adıdır…

***

Ermənilərin “məzhəb haqqı” işlətdikləri bir ifadə var, bu gəlmə hayların əslini-kökünü itirmiş yerli xristian türklərlə birləşmələrinə işarədir, yəni biz eyni məzhəbdəyik… öz kimliyini itirib başqalarının əlində oyuncağa çevrilib soyuna yağı çıxanlara lənət olsun!!! Bu bəla bizə 7-ci əsrdən başladı, ərəblərin Azərbaycan torpaqlarına qədəm basan günündən, işğalçı rusların əli ilə X1X əsrdə pik nöqtəyə çatdı…

***

Biz niyə İslamdan öncəki tariximizi dilə gətirməyə qorxuruq? Bolşevik-rus yalanı ilə oturub durduq illərlə…Ona görə bizə deyirlər biz XII əsrdə gəldik bu yerlərə…mən öz əcadımın adını haya niyə ərmağan etməliyəm?!

***

Azərbaycanlı deyimi Azərbaycanda yaşayan etnik kökənindən asılı olmayaraq hər bir kəsə aiddir.

07.03.2017

İnsanin içində qorxu hissi üzücüdü, bütöv millətin içində öldürücüdü…

09.03.2017

Öz tarixinə və kimliyinə sahib çıxmayan millətin tarixinin üstündə at çaparlar…

***

Alimlər sübut edib ki, hər bir doğulan insanın intilekti (məntiqi) onu dünyaya gətirən qadının genləri ilə formalaşır…

***

Bəzi millət vəkillərinin yazdıqları fikirləri oxuyanda məni göz yaşı içində gülmək tutur…

***

Ürək kitab deyil ki, hamı açıb oxusun, sadəcə beyinin dərk etmə yükünü ürək çəkir…

09.03.2017

Insanlıq hər kəsə nəsib olmur, o elə nemətdir ki, onu dadanlar bilir…

***

Təbiət insana bəxş etdiklərini geri alır, bəzən acımadan gənc vaxtı, bəzən isə yaşlı çağlarında…

10.03.2017

Bilə-bilə ki, o düşməndir və ondan çarə ummaq çarəsizliyə düçar olmaq deməkdir…

***

Bizim ölkədə yol terroru erməni terroru ilə yarışa girib…Allah hər birimizi xətadan, bəladan qorusun!

***

Zəifi heç kim sevmir, nə təbiət, nə dövlətlər, nə də insanlar…

***

Ürəyi öz sevdiyinə yox, sevmədiyinə sarı yönəltmək günahdır…

***

İnsan xislətlilərdən çox vəhşi xislətlilərin artması dünyanı fəlakətə aparır…

***

Mövhümata batmaq, fil qulağında yatmaq əksər müsəlman ölkələrinin həyat devizi…

***

Müsəlmansan, hə – darıxma, Allah hər şeyi yoluna qoyar.

Xristiansan, hə – hərəkət elə, həyat durmadan çalışanlarındır.

Yəhudisən, hə – onsuz da bütün dünya sənindir.

11.03.2017

Həyatın əlləri uzun, yumruqları möhkəmdi, onunla dil tapmağı bacarmayanları əzişdirir…

***

Müsəlman dünyası zamanla ayaqlaşmayıb öz dinini mövhümat bataqlığından çıxarmasa, rəhbərləri öz xalqlarına yuxardan aşağı baxacaqsa, onları bundan da ağır günlər gözləyir…

12.03.2017

Okean zəlzələləri zamanı nəhəng su dalğası yaranır, ona Sunami deyirlər. Okean sunamiləri olan kimi, tarixin də sunamiləri var, o hər şeyi qaydasına salır və yoluna davam edir…

13.03.2017

Nə baş verir, niyə baş verir? Suallarına cavab tapsaq gələcəyimiz uğurlu olacaq…yoxsa, yox…

**

Adamları pis duruma salanlar məsulliyyət hissini dərk etməyəndə arzuolunmaz halların qarşısını almaq mümkünsüz olur…

18.03.2017

Adamlar bir-birini dərk edib dəyər verəndə, ortaya xoşbəxtlik çıxır, o xoşbəxtlik ki, onu heç bir şeylə əvəz etmək mümkün deyil…onun hər bir ürəkdə yeri var, yetər ki, o yeri qəmə ərməğan etməsinlər…əgər belə olarsa, heç bir kəs canından və ömründən bezməz…

18.03.2017

Mənasız, məzmunsuz adamlar ömrümüzü də mənasız edir…

26.03.2017

heç kəs heç kimi heç nədə qınamamalıdı, çox vaxt həyat elə amansız olur ki, bəzən insanı istəmədiyi tərəfə yönəldir…

***

Dirilik- insanın insana xoş münasibətidir! Məncə insan ruhu üçün bunu əvəz edən dərman yoxdu…

***

Qatilləri ailələr və cəmiyyətlər yetişdirir…Əgər hər hansı ölkədə intiharlar və qətillər günbəgün artırsa, onda günahı başda oturanlarda axtarmaq lazımdır…çünki atalar demiş: Balıq başından iylənir…

29.03.2017

 

Öz problemini özün həll et,
Allah Yaradandı o sənin üçün problem həll edən deyil…

***

Mənə elə gəlir ki, cəmiyyət içində açıq-saçıq hərəkətlərə yol vermək yolverilməzdir.Əgər hesab edirlərsə bu sevgidir, iki sevənə məxsus olan pünhani hisləri aləmə faş etmək, həmin hisləri və özünü cılızlaşdırmaqdan başqa bir şey deyildir…

30.03.2017

Özün öz dəyərini bilmirsənsə, başqaları da bilməyəcək…

***

Həyat ac canavardır, çalış ki, yem olmayasan…

***

Analar, qızlarınızı kimə gəldi yem etməyin, qoy onlar şəxsiyyət kimi yetişsinlər…

31.03.2017

Ümid insanın yaşam çırağıdı, o öləziyəndə gündüz də zülmətə bənzər…

***

Bəziləri qarın, bəziləri varın dərdini çəkir…Vətən qalıb əlamanda…!

***

Erməni daşnakları deyəndə mütləq rusları da onların yanında görmək lazım, çünki bizə bu qanları ruslar udurub, ermənilər Ayzberqin görünən tərəfidir…görünməyən tərəfi işğalçı ruslardır…

***

Öz dostunu düşməndən ayıra bilməyən millətin Vətəni paramparça olar, bizim kimi…

01.04.2017

Qardaşlığın ən bariz nümunəsi: Antalyada 95 faizi qadın olmaqla, 60 min rus yaşayır. 40 min rus qız türkiyəli oğlanlarla evlənib, 80 min uşaq dünyaya gəlib…

**

Tarix boyu bir çox xalqlar var olub, at oynadıb və həyat səhnəsindən yox olub gediblər. Onlar ölmüblər, sadəcə hegomon xalqlar tərəfindən həzm olunublar və onların içində əriyib itiblər…Turan deyib haray çəkənlər və bunu yalnız sözdə deyənlər, nə etdiklərini fərqində olmasalar, bizləri də ərimə aqibəti gözləyir…

02.04.2017

Düşünən beyinin ağrısı ürəkdə əks-səda verir…

***

Dövlət böyük ailədir, o ailənin bütün üzvlərinə diqqət ayrılmalıdır…

***

Ailədə uşaqlar arasında fərq qoyulanda, bu fərqin cəfası gec-tez valideynlərin özünə qayıdır…Nəyi yetişdirdinsə onu da dadacaqsan…Dövlət də belədir…

***

Ən böyük qüvvə özünsən, özünə sığın…

***

İradə uğurun açarıdır…

***

Oğurluqla doğruluq arasındakı məsafə çox yaxındır…

***

Heç vaxt ölümə can atma, o onsuz da sənə qoyulmuş

vaxtda özü gələcək…

***

Millət kefiyyəti ilə önəmlidi, kəmiyyəti ilə yox…

***

Millət dinindən yox, özünə ağladığı günündən bəlli…

03.04.2017

Sən niyə qadir olduğunu düzgün təyin etsən, yollar

səni özü çağıracaq.

***

Cəmiyyəti yaralayan olma, sağaldan ol.

***

Özün-özünə həkim də ol, hakim də.

***

İnsan özü yetişdirdiyi ömür meyvəsini yeyir.

***

Acizlik ümidsizliyin açarıdır.

***

Müasir gənclərlə aramızdakı fərq odur ki,

biz çəkingən idik, onlar səbirsiz.

***

Səadət axtarışına çıxma, sən onu özün əldə etməlisən.

***

Mütilikdən uzaq dur, o sənə yaxşı heç nə vəd etmir.

04.04.2017

Başqasının cibinə göz dikənin cibi boş qalar.

***

Azərbaycan Ordusunda qisas hissi var, biz işğal olunmuş torpaqlara qayıdacağıq…

***

Bizim qızların bir çoxu ərə getməmişdən öncə seriallarla tam yüklənirlər, yollanırlar ər evinə, sonra ata evinin qanunlarını da beyinlərinə həkk edirlər, ər evində onlara güldən ağır söz deyilsə göz yaşına çevirirlər, özü də təhsilsiz qızlarımızın bu anlamda işi lap faciədi. Anlamaq lazımdı ki, hər ailə bir dövlətdi, kimliyini qəbul etdiyin dövlətin qanunlarıyla yaşamalısan…Ailəsiz də yaşamaq çətindir axı…qızlar, sizə olan istəkdən bunları yazdım…

06.04.2017

Ali təhsili və yaxud hər hansı peşəsi olmayan qız ər evinə gedib orda bərqərar olmayanda gələcək taleyi çox vaxt ürək açan olmur. Bu cür taleli qızlar ata evində əksəriyyəti xoş qarşılanmır, nəzərə alsaq ki, ata-ana da əbədi deyil, onların sonrakı durumu çox acınacaqlı olur…Allah qızlarımızın bəxtini ağ, günlərini xoş etsin..

***

Hökumət son illərdə ölkədə, gənc ailələrdə baş verən boşanmaların əsas səbəbinin günahını özündə görməli, gənc insanlarımızın həyat şəraitinin yaxşılaşmasına, işsizliyə, evsizliyə, ölkədə baş alıb gedən ümidsizliyə çarə etməlidir. Biz gördüyümüzü gördük, Gənclik xoşbəxt olsun…!!!

07.04.2017

Gecənin özündə də bahar ətri, təbiət adamın üzünə gülür, yaşamağa dəyər…

08.04.2017

İradəsiz adam idarəsiz maşına bəzər, hara gəldi özünü çırpa bilər…                                                                                     09.04.2017