Вы просматриваете: Главная > Məqalələr > BİR YARPAQ SÖZÜM

BİR YARPAQ SÖZÜM

 

 

 

BİR YARPAQ SÖZÜM

(Nəzirməmməd Zöhrablının “Hər yarpaq bir sözümüz”

kitabı haqqında düşüncələrim)

Nəziməmməd Zöhrablını Əli Rza Xələflinin baş redaktor olduğu “ Kredo” qəzetinin redaksiyasından tanıyıram. Qəzetin çapdan çıxan vaxtlarında redaksiyada çox maraqlı adamlarla qarşılaşmaq mümkün idi. Onlardan biri də Nəzirməmməd Zöhrablı oldu. Məni əsas duyğulandıran o oldu ki, o, məndən xəbərsiz yaradıclığımla maraqlandı, sonra isə  haqqımda “Üçrəngli bayrağa bürünmüş şairə” kitabını yazdı. Bu insanın qələmi ilə tanış olandan sonra onun peşəkar jurnalist-publisist, vicdanlı qələm sahibi, qeyrətli vətəndaş olduğunu duydum və Nəzirməmməd bəylə şəxsən tanışlığıma çox sevindim. Tanışlığımızdan ötən illər ərzində internet portallarında onun yaradıcılığını mütəmadi izləməyə başladım. İzləməyimin əsas səbəbi isə onun maraqlı, oxucunu özünə cəlb edən yazıları olub.

Nəzirməmməd Zöhrablının “Hər yarpaq bir sözümüz” kitabı haqqında düşüncələrimi dəyərli oxuculara çatdırmamışdan öncə, bizim özümüzün bir qələm adamı, bir oxucu olaraq, bir millət olaraq özümüzə, öz yazar insanlarımıza soyuqqanlı münasibət, xarici yazarlara  pərəstiş etmək xəstəliyimizi irad kimi bildirmək istəyirəm. Xarici ədəbiyyatı oxumaq çox önəmli, məlumatlanmaq ondan da önəmli, amma öz dəyərli söz adamlarımıza öncə diqqət ayırmaq, onların kitablarını oxumaq lazımdır. Əgər biz özümüzə həsəd, kobud şəkildə dilə gətirməli olsaq paxıllıq hissini içimizdə cilovlaya bilsək, onda görərik ki, bizim ədəbiyyatımızda da, jurnalistikamızda da, publisistikamızda da SÖZ-ün dəyərini bilən, onu havayı yerə xərcləməyən istedadlı qələm sahibləri az deyil. Sadəcə onlara dəstək olmaq, heç olmasa satışa çıxarılan kitablarını almaq lazımdır.

1992-ci ildən kompüterlə tanışlığımdan, kompüteri özümə həmdəm seçəndən bəri bilirəm ki, kompüter, internet kitabın yerini verə bilməz, nə qədər virtual kitabxanalarda var-gəl etsə də adam, bir fincan çay, və ya kofe ilə, sakit guşəyə çəkilib bir kitabı götürüb mütaliə etmək, ondan mənəvi zövq almaq heçnə ilə əvəz oluna bilməz…Elə isə, fikrimcə yuxarıda qeyd etdiyim nüansları gözdən qaçırmamaq gərək.

İndi qayıdaq dəyərli qələm adamı Nəzirməmməd Zöhrablının “Hər yarpaq bir sözümüz” kitabına…Açığı, yaradıcılıqla bağlı işlərim çox olduğu üçün kitabı bir az geç oxumağa başladım, inanın, kitab o qədər maraqlı qələmə alınıb ki, kitabı nə vaxt oxudum qurtardım özüm də bilmədim, bir də gördüm kitabın axırıncı vərəqinə çatmışam. Necə deyərlər kitabdan mənəvi ləzzət aldım və qərar aldım ki, bu kitab haqqında ürək sözlərimi yazım…

Öncə onu demək istəyirəm ki, “Hər yarpaq bir sözümüz” kitabı 2013-cü ildə “Qanun” nəşriyyatında çap olunub… Sözə, ətrafımızda baş verən ictimai-siyasi, mədəni, sosial amillərə xəyanət etməyən yaxşı kitab heç zaman dəyərini itirmir, yemək deyil ki, boyatlaşsın…

Ona görə də diqqətli oxucularla yol yoldaşlığına çıxaraq onları müəllifin yazdığı publisistik kitabın içindəkilərlə tanış etmək istəyirəm. Öncə toplu müəllifin öz oxucularına ünvanladığı ön sözlə başlayır. Mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabidən tutmuş bu günə qədər həm mətbuatımızın özü, həm oxucuları azad, vicdanlı sözə həmişə diqqətli olub və onu hava kimi ciyərlərinə çəkib. Çünki vicdanlı söz millətin, ölkənin, ən nəhayət dövlətin varlığının qoruyucusudur!

Haqqında söz açdığım müəllif də yuxarda qeyd etdiyim vicdanlı qələm sahiblərindəndir. Bəzi publisistik kitabları əlinə götürəndə bir-iki səhifədən sonra sitatlar başlayır, müəllif iki kəlmə özü yazır, on kəlmə başqasının sözlərini sitat gətirir. Oxucu yorulur, oxuyacağı kitaba marağı sönür, kitabı 10-15 səhifədən sonra bir kənara atır. Amma Nəzirməmməd bəyin istər publisistik yazıları, istərsə də kitabda yer alan hekayələri çox maraqlı, yüyrək bir dillə,  dilimizin şirinliyi və incəliyi ilə qələmə alınıb. Müəllif ana dilimizə sadiq qalıb, məqalələrində və hekayələrində demək olar ki, alınma sözlərdən istifadə etməyib. Yeri gəlmişkən, alınma sözlər deyəndə əsasən rus dilindən dilimizə ötürülmüş sözləri nəzərinizə çatdırmaq istəyirəm.

Müəllif ön sözdə kitabın içindəkilər haqqında oxucularına məlumat verir. Sonra kitab ünlü şairimiz, görkəmli söz adamı “Musa Yaqub dünyasına səyahət”lə başlayır. Bu bölmədə şairin yaradıcılığına geniş yer verilir. Demək olar ki, Musa Yaqub yaradıcılığını oxucunun gözü önündə canlandırır, sanki, oxucunu istedadlı şairin yaradıcılığına müraciət etməyə həvəsləndirir. Ümumiyyətlə, kitabın bu bölməsi ilə tanış olanda Musa Yaqub şeiriyyətinin, eləcə də irihəcmli poemalarının gücü ilə tanış olur adam…onun şeirlərində göstərilən nümunələri göz önünə gətirir. Toplunun bu bölməsində oxucu şair haqqında ard-arda düzülmüş məqalələrlə tanış olur. Şair haqqında yazılmış bu məqalələr oxucunubir jurnalist-publisistin onun əsərləri barədə maraqlı çizgiləri ilə qarşılaşdırır. Müəllifin şeirlərini ardıcıllıqla çözməsi məqalələrin axıcılığını artırır, kitabı mütaliə edəni şairin söz səyahətinə çıxarır. Nəzirməmməd Zöhrablı sakitcə kənd həyatına çəkilib təmizlik, paklıq aynasından dünyaya boylanan, xalqının acılı-şirinli bütün yaşantılarını öz əsərlərində əks etdirən şairin sənət aləmindən qaynaqlanan sətirlərini oxucuya söz-söz ərməğan edir, onların gerçək mahiyyətini anladır. Musa Yaqub sənətinin ölməzliyi müəllifin qələmə aldığı məqalələrdə rəssam dəqiqliyi ilə sözün ecazkar rənginə boyanır. Onun şair barədə yazdığı “Azərbaycanın gerçək tarixi. Təbiətlə vətənpərvərliyin vəhdəti”, “İki qəlb, iki dünya”,” De, işlət bu dəyirmanı”, “Mis kasalar cingildədi rəfimizdə”, “Köhnə dəyirmana sözüm”, “Torpaqda şər olarmı?”,“Nağıla dönmüş yaşantılar”, “Laçının ölümü”, “Musa Yaqub poeziyası. Etibarlı yol yoldaşı” adlı publisistik məqalələrdə ünlü şairimizin söz və həyat dünyasının yaşantılarını birər-birər ruhumuza, qanımıza, canımıza hopdurur. O, oxucunu şairin sənət dünyasının qapısını açıb ora qonaq olmağa səsləyir.

Müəllifin “Hər yarpaq bir sözümüz” kitabında “Çuğul”, “Duyğusal terrorçu”, “Müdir”  hekayələri də yer alıb. O, “Çuğul” hekayəsində iş yerində bir yaltaq adamın obrazını yaradır, bu çuğul adam işçilərin haqqını tapdalayır, vicdan hissini unudub hər cür yollarla vəzifə kürsüsündə oturana yarınır. Ondan asılı olanların gününü necə deyərlər, elin təbirincə desək, “göy əsgiyə bükmək” amalını özünə həyat yolu seçmiş bu mənəviyyatsız ətrafındakılara çox zərərlidir. O ailəsi üçün hər şey qazanıb, yüksək yaşayış, pul-para, amma özü öz içində cəhənnəm əzabı çəkir, bir neçə günlüyə ailəsi ilə istirahətə gedir, müdirindən uzaq qalmaq əzabı onu üzür, bu neçə gündə müdirinin onu aramaması və yerinin başqa adam tərəfindən tutulmaq qorxusu ürəyini partladır və qəfil ölümünə səbəb olur. Müəllif ustalıqla qələmə aldığı hekayədə cəmiyyətimizin inkaredilməz bəlalarını sözün ittihamına çəkir…

Nəzirməmməd Zöhrablının “Duyğusal terrorçu” hekayəsi bugünki günümüzlə səsləşən ağrılı bir mövzudur. Siyasətlə heç bir əlaqəsi olmayan günahsız insanlar evindən çıxıb iş dalınca yola çıxır, amma geri qayıtmaq ümidi get-gedə sıfıra yaxınlaşır. Hər gün dünyanın müxtəlif yerlərində suçsuz insanların terrorun qurbanı olması xəbərini eşidirik. Məhz müəllif də belə bir mövzunu hekayəsinin sujet xətti edib. Hekayədə əsərin əsas qəhrəmanı Mahmud, hansısa avtobusu partladıb insanları qırmaq arzusu ilə evindən çıxıb. O bunun üçün mənsub olduğu terror şəbəkəsindən tapşırıq alıb. Beyni yuyulmuş belə insanlar həm özlərini, həm də başqalarını məhv edirlər. Bu yola düşənlərin bəziləri pul əldə edib ailələrinə xoşbəxt həyat qurmaq naminə cinayət edir, bəziləri isə hansısa dini qurumların, təriqətlərin qurbanı olur. Mahmud isə ailəsini dolandırmaq üçün bu yola düşüb. Müəllif burda incə bir məqama toxunur. Çox ağrılı bir məqamdır ki, belə terrorçular daha çox bizim müsəlman dünyası ölkələrinin vətəndaşlarından maddiyyata şirnikləndirilərək cəlb edilib hazırlanılır. Lakin unutmamalıyıq ki, hər bir ölkə vətəndaşlarının həyat şəraitini yüksəltmək onların həyatına görə bilavasitə məsul olanların bilavasitə borcudur! Bu borcu unudanlarsa…ölkə vətəndaşlarının həyatını ağır duruma salır. Hekayənin sonunda bir neçə avtobusu buraxan Mahmud sonuncu avtobusda gözəl bir qızla qarşılaşdığından bir daha duyğulanır və bu avtobusu da partlatmağa əli gəlmir. Avtobus növbəti dayanacağa çatanda isə…o avtobusu tərk edərək əlindəki trotillərlə özünü partladır.

Müəllifin “Müdir” hekayəsi də kürsü düşgünü olan Səlimin həyatından bəhs edir. İnsanlara pislik etməyi həyat yolu  seçmiş bu adamın  Sovet dövrünün qanlı-qadalı illərində kəndlərində Şəkəralı adında yerlisi camaata o qədər zülm edib ki, öləndən sonra onun meyidini qəbirdən çıxarıb təhqir ediblər. Səlim tez-tez bu hadisəni yadına salıb özünü Şəkəralının yerinə qoyur və içdə adamlara nə qədər nifrət etsə də onun halına düşmək qorxusu onu bir an belə rahat buraxmır. Hekayədən belə nəticə çıxarmaq olur ki, edilən nə yaxşılıq, nə pislik əvəzsiz qalmır. Ona görə hər bir kəs düzgünlüyü, xeyirxahlığı özünə həyat amalı seçməlidir…Bu həm özünə, həm də başqalarına rahat həyat bəxş edər.

Nəzirməmməd Zöhrablının kitabda yer almış digər publisistik məqalələri də müxtəlif peşə adamlarının, jurnalist dostlarının həyat yoluna işıq tutur. Səhnəmizin estrada ulduzu Flora Kərimovanın ürəkləri oxşayan mahnıları haqqında “ Ecazkar səsin FLORASI” məqaləsində bizi Flora xanımın səs dünyası ilə baş-başa qoyur.

Onun “Yanmış Qarabağ”, “ Şərqlə qərb arasında”, “Tarixi Azərbaycan dövlətlərinə erməni qısqanclığı”, “Bildin nə deyirəm?!” “Çağdaş ədəbiyyat cəfakeşi”, ”Məmməd Nazimoğlunun 50 yaşına”, “Zakirsizlik” və sair məqalələri bir-birindən oxunaqlı, bir-birindən maraqlıdır. Mən isə kitab haqqında yazdığım məqalənin sonunda dəyərli oxuculara Nəzirməmməd Zöhrablının “Hər yarpaq bir sözümüz” kitabını əldə edib oxumağı tövsiyyə edirəm.
Çünki mütaliə yuxuya dalmış beynimizin hüceyrələrini hərəkətə gətirir, bədii təfəkkürümüzü cilalayır, nitqimizi gözəlləşdirir. Mütaliə edən insanın üzü nurlu olur, dilindən sözlər bal kimi axır tökülür, dünyagörüşü genişlənir.

Sonda müəllifə yaradıcılıq uğurları diləyi ilə “Hər yarpaq bir sözümüz” kitabına həsr etdiyim məqaləmi sona yetirirəm. Dəyərli həmkarıma arzu edirəm ki, bu kitab axırıncı olmasın, qələminin dadı-duzu azalmasın, ürəyindən sözlər sozalmasın, sözün işığı könül dünyasını daim nurlu etsin. Amin…

 

29.01.2017

Şirin Xanım Kərimbəyli Şadiman